loader image

Dia.edu.az

“Mülki qanunvericiliyin problem məsələləri” mövzusunda dəyirmi masa uğurla keçirildi

2025-ci il may ayının 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının təşkilatçılığı ilə, elmi-akademik əməkdaşlıq çərçivəsində “Mülki qanunvericiliyin problem məsələləri” mövzusunda geniş tərkibdə və yüksək elmi-akademik səviyyədə dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Bakı Dövlət Universitetinin, ADA Universitetinin, Polis Akademiyasının və Milli Aviasiya Akademiyasının hüquq fakültələrinin professor-müəllim heyəti və tələbələri iştirak etmiş, elmi-praktik diskussiya platforması kimi əhəmiyyətli müzakirələr aparılmışdır.
Tədbirin açılış nitqi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış etmişdir. O, çıxışında müasir dövrdə ölkəmizdə həyata keçirilən innovativ idarəçilik siyasətinin konseptual əsaslarından bəhs etmiş, Azərbaycanın əlverişli geosiyasi və intellektual potensialı fonunda bir çox sahələrdə – o cümlədən idarəetmə və hüquqi tənzimləmə istiqamətində – beynəlxalq səviyyədə üstün mövqedə qərarlaşdığını vurğulamışdır.

Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” ilə bağlı Hökumət Komissiyasının işçi qrupunun üzvü, professor İsaxan Vəliyev çıxış edərək dəyirmi masanın aktuallığı və məqsədləri barədə iştirakçılara ətraflı məlumat vermişdir. Professor İsaxan Vəliyev qeyd etmişdir ki, bu kimi elmi-praktik tədbirlər yalnız nəzəri-hüquqi müzakirə müstəvisi kimi deyil, həm də qanunvericilik təşəbbüslərinin elmi əsaslandırılması və hüquq siyasətinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. O, Komissiyanın işçi qrupu çərçivəsində görülən işlər, təhlil olunan hüquqi institutlar və beynəlxalq hüquqi təcrübənin adaptasiyası ilə bağlı məlumat verərək, Mülki Məcəllənin modernləşdirilməsi prosesində elmi ictimaiyyətin və təhsil müəssisələrinin fəal iştirakının vacibliyini vurğulamışdır.

Dəyirmi masa Azərbaycan Respublikasının hüquq sistemində aparılan islahatların, xüsusilə də Mülki Məcəllənin müasir dövrün sosial-iqtisadi və hüquqi reallıqlarına uyğunlaşdırılması istiqamətində görülən işlərin elmi müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Tədbirdə çıxış edən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” ilə bağlı Hökumət Komissiyasının rəhbəri Samir Mahmudov məruzəsində mülki qanunvericiliyin hazırkı vəziyyəti, təkmilləşdirmə istiqamətləri və bu sahədə qarşıya çıxan əsas hüquqi, praktiki və institusional problemlər haqqında geniş və əhatəli məlumat vermişdir.
Samir Mahmudov çıxışında xüsusilə Mülki Məcəllədə tənzimlənən müxtəlif hüquqi sahələrin beynəlxalq hüquq sistemləri ilə müqayisəli təhlilinə geniş yer vermiş, mülki hüququn bazar iqtisadiyyatı şəraitində rolu, hüquqi münasibətlərin şəffaflığının və effektivliyinin artırılması, eləcə də mülki hüquqi münasibətlərdə rəqəmsal transformasiyanın və elektronlaşma proseslərinin təsirləri kimi aktual məsələləri diqqətə çatdırmışdır. Eyni zamanda, Komissiya tərəfindən hazırlanmaqda olan dəyişikliklərin əsas hüquqi-fəlsəfi prinsipləri və nəzərdə tutulan əsas istiqamətlər tədbir iştirakçılarına təqdim olunmuşdur.

Dəyirmi masa çərçivəsində aparılan elmi müzakirələr zamanı hüquq fakültələrinin professor-müəllim heyəti və tələbələri aktiv şəkildə iştirak etmişlər.