İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Türkiyənin tanınmış universitetlərinin, media orqanlarının və tədqiqat mərkəzlərininin 10 -a yaxın nümayəndəsinin iştirakı ilə Hazırkı geosiyasi reallıqlar fonunda Azərbaycan və Türkiyə münasibətlərindəki inkişaf meyilləri” adlı dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açmış, Azərbaycanın dünyadakı iqtisadi və siyasi göstəriciləri ilə bağlı geniş təqdimat ilə çıxış etmişdir.
Rektorun müşaviri, politoloq Zaur Məmmədovun moderatorluğu ilə keçən dəyirmi masada millət vəkilləri Hikmət Babaoğlu və Aydın Mirzəzadə, Haccetepe Universitetindən doç. dr. Esma Özdaşlı, Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfi sədri dr. Sinan Demirtürk, Hacettepe Universiteti Strateji Araşdırmalar Mərkəzi müdür müavini dr. Özlem Pınar Oran, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi sədri prof. dr. Mehmet Seyfettin Erol, Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfi Orta Şərq və Orta Asya İnstitutu direktoru Hilmi Demir, Dövlət İdarəçilik Akademiyasının dekanı Mürtəza Həsənov, Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək tədbirin aktuallığına toxunmuşlar.
Tədbirdə Azərbaycan və Türkiyəni narahat edən çağırışlar geniş şəkildə təhlil edilmişdir. Dəyirmi masada 2020-ci ildən sonra formalaşan yeni geosiyasi vəziyyətdə bölgə ətrafındakı vəziyyətdə Azərbaycan və Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyi qeyd edilmiş, ikitərəfli münasibətlərə xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə çatmayacağı vurğulanmışdır. Dəyişən beynəlxalq münasibətlər sistemi fonunda Azərbaycan və Türkiyə öz milli maraqlarını qarşılıqlı dəstək şəklində bundan sonra da qoruyacaqlar və həyata keçirəcəklər.
Xatırladaq ki, Türkiyədən 10 nəfərlik nümayəndə heyətinin dünəndən etibarən Azərbaycana səfərləri davam etməkdədir. İyunun 2 -də qonaqlar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Yeni geosiyasi reallıqların Türkiyə – Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər” adlı dəyirmi masada iştirak etmişlər.