18 sentyabr 2025-ci il tarixində
Dövlət İdarəçilik Akademiyasının (DİA) “Heydər Əliyev Mərkəzi”ndə Dövlət
Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının
müstəqilliyinin möhkəmləndirilməsi, dövlət suverenliyinin bərpası və qorunması
sahəsində görülən işlərə, eyni zamanda, bu istiqamətdə əldə edilən uğurların
təhlilinə həsr olunmuşdu.
Tədbiri giriş nitqi ilə açan Dövlət
İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın
son 30 ildə keçdiyi inkişaf yoluna nəzər salaraq qeyd etdi ki, bu dövr ərzində
ölkəmiz mühüm siyasi, iqtisadi və hərbi uğurlar əldə edib. Rektor bildirdi ki,
müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial
böhranla, Ermənistanın hərbi təcavüzü və xalqımıza qarşı həyata keçirilən etnik
təmizləmə siyasəti ilə üzləşmişdi. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər
Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaq təhlükəsindən
xilas olmasına səbəb oldu.
Urxan Ələkbərov çıxışında həmçinin
2020-ci ilin 44 günlük Vətən müharibəsinin, eləcə də 2023-cü ilin sentyabrında
keçirilmiş lokal antiterror tədbirlərinin əhəmiyyətindən danışdı. O bildirdi
ki, bu tarixi Qələbələr ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən dövlət idarəetməsi
strategiyasının məntiqi nəticəsidir. Rektor qeyd etdi ki, bu strategiyanın
əsasını güclü ordu quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsi və
beynəlxalq müstəvidə prinsipial mövqe təşkil edib.
Akademik vurğuladı ki, məhz bu
uğurların nəticəsi olaraq, Prezident İlham Əliyev 2024-cü il 19 sentyabr
tarixində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi
haqqında” Sərəncam imzalayıb. Bu sərəncama əsasən, hər il 20 sentyabr ölkəmizdə
Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Tədbirdə daha sonra çıxış edən Milli
Məclisin deputatı, professor Elman Nəsirov, DİA-nın Tarix kafedrasının
professoru Havva Məmmədova, Beynəlxalq Münasibətlər kafedrasının
professoru və “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri Elçin
Əhmədov 44 günlük Vətən müharibəsinə aparan tarixi-siyasi prosesləri,
2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərinin hüquqi
əsaslarını və beynəlxalq kontekstdə yaratdığı reallıqları ətraflı təhlil
etdilər.
Professor Elman Nəsirov bildirdi ki,
Azərbaycan 1990-cı illərin əvvəllərində zəif və zəbt olunmuş bir dövlət
statusundan bu gün regionun əsas siyasi və hərbi güc mərkəzinə çevrilib. O,
ölkənin siyasi liderliyinin qətiyyətli addımlar ataraq suverenlik və ərazi
bütövlüyü prinsipini dəqiq və ardıcıl şəkildə həyata keçirdiyini qeyd etdi.
Professor Havva Məmmədova isə
Azərbaycanın dövlətçilik tarixində müstəqilliyin bərpasının və qorunmasının
ciddi sınaqlardan keçdiyini vurğuladı. O, 2020-ci ildəki Zəfərimizə qədər olan
dövrü təhlil edərək, bu uğurların yalnız hərbi sahədə deyil, həm də diplomatik
və ideoloji sahədə də aparılmış uzunmüddətli mübarizənin nəticəsi olduğunu
diqqətə çatdırdı.
Professor Elçin Əhmədov isə 2023-cü
ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirlərinin beynəlxalq
hüquqa tam uyğun şəkildə həyata keçirildiyini vurğuladı. O bildirdi ki, bu
tədbirlər nəticəsində qondarma rejim özünü buraxdı, Azərbaycanın beynəlxalq
birlik tərəfindən tanınan bütün əraziləri üzərində suverenlik tam təmin olundu
və dövlətin nəzarət funksiyası tam bərpa edildi.
Tədbir iştirakçıları yekdilliklə
vurğuladılar ki, 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması təkcə
tarixi qələbəmizin rəsmiləşdirilməsi deyil, həm də gələcək nəsillərə milli
ruhun, dövlətçilik ənənələrinin aşılanması baxımından böyük əhəmiyyət daşıyır.