01.10.2025
2025-ci
il oktyabrın 1-də Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət
İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin
əməkdaşları üçün “Dövlət idarəçiliyində anti-korrupsiya siyasəti”
mövzusunda təlim keçirilmişdir. Təlimin əsas məqsədi dövlət qulluqçularında
korrupsiyaya qarşı mübarizə sahəsində institusional və hüquqi mexanizmlər
barədə biliklərin artırılması, şəffaf və hesabatlı idarəetmə prinsiplərinin
təbliği olmuşdur.
Təlimdə Dövlət İdarəçilik Akademiyasının “Hüquq”
kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Aslanov Seyfulla
Xaliq oğlu mühazirə ilə çıxış etmişdir. O, ölkəmizdə həyata
keçirilən anti-korrupsiya siyasətinin hüquqi əsasları, beynəlxalq öhdəliklər, o
cümlədən Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar və milli
qanunvericilik bazasında nəzərdə tutulmuş mexanizmlər haqqında ətraflı məlumat
vermişdir.
Mühazirədə qeyd edilmişdir ki, korrupsiyaya
qarşı mübarizə təkcə hüquqi məsələ deyil, eyni zamanda etik, inzibati və
ictimai məsuliyyət daşıyan kompleks bir sahədir. Dövlət idarəçiliyində
şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq prinsiplərinin tətbiqi
korrupsiya hallarının qarşısının alınmasında mühüm rol oynayır.
Aslanov Seyfulla Xaliq oğlu çıxışında
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
korrupsiyaya qarşı aparılan məqsədyönlü siyasətin nəticələri, həmçinin “Açıq
hökumət” təşəbbüsü, “ASAN xidmət” modeli və elektron hökumət layihələrinin bu
istiqamətdə mütərəqqi nümunələr olduğunu tədbir iştirakçılarının diqqətinə
çatdırmışdır.
Təlim zamanı iştirakçılar həmçinin dövlət
qulluqçularının etik davranış qaydaları, maraqlar toqquşmasının qarşısının
alınması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üzrə
müvafiq mexanizmlər barədə praktiki biliklər əldə etmişlər.
Tədbirin sonunda müzakirələr aparılmış,
iştirakçıların sualları cavablandırılmışdır.




