08
oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdrəçilik Akademiyasında “Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın
icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti
orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün “Dövlət qulluğuna dair
qanunvericilik və onun tətbiqi” mövzusunda elmi-praktik təlim keçirilmişdir.
Təlim
Dövlət İdarəçilik Akademiyasının əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru, dosent,
əməkdar müəllim Nağıyev Fəxrəddin Tağı oğlu tərəfindən aparılmışdır. Tədbirin
əsas məqsədi dövlət qulluğunun hüquqi-normativ bazasının dərindən öyrənilməsi,
dövlət qulluqçularının normativ hüquqi aktlar kontekstində fəaliyyət
səmərəliliyinin artırılması və dövlət idarəetməsində hüquq mədəniyyətinin
yüksəldilməsidir.
Təlim
çərçivəsində iştirakçılara Azərbaycan Respublikasında dövlət qulluğunun inkişaf
mərhələləri, mövcud qanunvericiliyin məzmun və strukturu, həmçinin dövlət
qulluğunda institusional islahatlar və etik davranış prinsipləri üzrə geniş
izahat verilmişdir. Qanunvericilik normalarının tətbiqində qarşıya çıxan
praktiki çətinliklər, onların həlli yolları və hüquqi mexanizmlər ətrafında
müzakirələr aparılmış, dinləyicilərin çoxsaylı sualları cavablandırılmışdır.
Tədbir
zamanı dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətli
idarəetmənin təmin olunmasında hüquqi maarifləndirmənin rolu vurğulanmış,
dövlət qulluqçularının hüquqi hazırlıq səviyyəsinin artırılmasının vacibliyi
elmi əsaslarla əsaslandırılmışdır.
Təlimin
sonunda vurğulanmışdır ki, bu cür elmi-praktik təlimlərin təşkili insan
kapitalının inkişafı, idarəetmədə hüquqi yanaşmaların gücləndirilməsi və dövlət
qulluğunun institusional dayanıqlığının təmin olunması baxımından strateji
əhəmiyyət daşıyır.