Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru , dosent
Azərbaycan tarixində dərin izlər buraxan faciələrdən biri də 31 Mart soyqırımıdır. Bu hadisə, erməni millətçilərinin Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri kimi yadda qalmışdır. 1918-ci ilin 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir və azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. 31 mart – tarixi yaddaşımızdan silinməyən soyqırımıdır. Soyqırımı etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi və hərbi proseslər, böyük güclərin bölgədəki maraqları və erməni ekstremistlərinin separatçı planları nəticəsində Azərbaycan xalqı dəhşətli qətliamlara məruz qalmışdır. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində daşnak-bolşevik birləşmələri minlərlə günahsız azərbaycanlını yalnız milli və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirmişdir.
Bu hadisələrin kökləri daha dərinə gedir. Hələ XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda həyata keçirdiyi köçürmə siyasəti nəticəsində bölgəyə kütləvi şəkildə ermənilər yerləşdirilmişdi. 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə sülh müqavilələrindən sonra İran və Osmanlı ərazilərindən gətirilən ermənilər Azərbaycan torpaqlarında məskunlaşdırılmış və burada süni demoqrafik dəyişikliklər yaradılmışdır. Zamanla, erməni millətçi dairələri bölgədə “Böyük Ermənistan” dövləti yaratmaq məqsədilə yerli müsəlman əhaliyə qarşı müxtəlif fitnəkarlıqlar törətməyə başlamış, qətliamlar və soyqırım siyasəti sistemli şəkildə həyata keçirilmişdir.
1917-ci ildə Rusiyada baş verən inqilab və bolşeviklərin hakimiyyətə gəlişi Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirdi. Bolşevik hökumətinin yerli xalqlara olan münasibəti qeyri-sabit idi, xüsusilə Bakı Kommunası dövründə Stepan Şaumyanın rəhbərlik etdiyi bolşevik-daşnak qüvvələri hakimiyyəti ələ alaraq müsəlman əhalisini kütləvi şəkildə qırmağa başladılar. 1918-ci ilin martında başlayan qırğınlar nəticəsində təkcə Bakıda on minlərlə insan öldürüldü, şəhər viran qoyuldu, məscidlər, mədəni və tarixi abidələr dağıdıldı. Bu proses təkcə Bakı ilə məhdudlaşmadı, Şamaxı, Quba, Qarabağ, Lənkəran və digər bölgələrdə də dəhşətli qətliamlar törədildi.
31 Mart soyqırımı Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxmışdır. Bu hadisələr təkcə bir millətə qarşı törədilmiş vəhşilik deyil, həm də beynəlxalq hüquq baxımından insanlığa qarşı cinayət hesab olunmalıdır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “31 mart azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart tarixi azərbaycanlıların soyqırımı günü elan edilib. Müstəqil Azərbaycan dövləti 1998-ci ildə bu hadisəyə siyasi və hüquqi qiymət verərək 31 Mart tarixini “Azərbaycanlıların Soyqırımı Günü” elan etmişdir. Bu gün hər il ölkə daxilində və beynəlxalq səviyyədə qeyd olunur, faciə qurbanlarının xatirəsi anılır və tarixi ədalətin bərpa olunması üçün müxtəlif tədbirlər həyata keçirilir.
1918-ci il hadisələrinin tarixi əsasları
31 Mart soyqırımının baş verməsi tək bir hadisənin nəticəsi deyil, uzun illər ərzində formalaşan siyasi, iqtisadi və etnik münaqişələrin kulminasiya nöqtəsi idi. XIX əsrin əvvəllərindən etibarən Rusiya imperiyası Cənubi Qafqazda güc balansını dəyişmək məqsədilə erməni əhalisini kütləvi şəkildə bu ərazilərə köçürməyə başlamışdı. Bunun nəticəsində Azərbaycan türkləri öz tarixi torpaqlarında demoqrafik üstünlüyünü tədricən itirməyə başladı. Erməni millətçi dairələri isə Rusiya və Qərb dövlətlərinin dəstəyi ilə “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün azərbaycanlıları öz doğma torpaqlarından çıxarmağa yönəlmiş qanlı planlar həyata keçirirdilər.
XIX əsrdə Rusiyanın Osmanlı və İranla apardığı müharibələr nəticəsində 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri imzalandı. Bu müqavilələrə əsasən, Azərbaycan torpaqları Rusiya imperiyasının tərkibinə qatıldı. Bundan sonra Rusiya Cənubi Qafqazda xristian elementini gücləndirmək məqsədilə İran və Osmanlı ərazilərindən erməniləri köçürməyə başladı. Təkcə 1828-1830-cu illərdə Azərbaycanın Qarabağ, İrəvan, Naxçıvan və digər bölgələrinə 130 mindən çox erməni yerləşdirildi. Köçürülmə prosesləri sonrakı onilliklər ərzində də davam etdi və nəticədə bölgədə etnik nisbət dəyişdirildi.
XX əsrin əvvəllərində erməni millətçi təşkilatları daha aktiv fəaliyyətə başladılar. 1890-cı illərdə yaradılan “Daşnaksütyun” partiyası açıq şəkildə Azərbaycan torpaqlarının işğalı və yerli müsəlman əhalinin məhv edilməsi ideyası ilə çıxış edirdi. I Dünya Müharibəsi illərində Osmanlı dövləti ilə müharibəyə girən Rusiya erməni silahlı dəstələrini dəstəkləyərək onları Osmanlı və Azərbaycan torpaqlarında hərbi əməliyyatlara cəlb etdi. Ermənilər təkcə Osmanlı ərazisində deyil, həm də Zəngəzur, Qarabağ, Naxçıvan, İrəvan və Bakı bölgələrində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdilər.
1917-ci ilin fevral və oktyabr aylarında Rusiyada baş verən inqilablar nəticəsində imperiya dağılmağa başladı. Bu vəziyyətdən istifadə edən erməni millətçi qrupları və bolşevik qüvvələri Bakıda və digər Azərbaycan bölgələrində hakimiyyəti ələ keçirmək üçün fəaliyyətlərini gücləndirdilər. Bakıda bolşeviklərin rəhbəri olan Stepan Şaumyan, erməni daşnakları ilə ittifaqa girərək azərbaycanlıları gücdən salmaq və bölgədə tam nəzarəti ələ almaq üçün planlar hazırladı.
1918-ci ilin martında Bakıda mövcud olan siyasi qüvvələr arasında ciddi qarşıdurma baş verdi. Martın 30-da Bakı Soveti və Daşnaksütyun partiyasına bağlı silahlı qüvvələr şəhərdə müsəlman əhaliyə qarşı kütləvi hücuma keçdilər. Bakı Kommunasının rəhbərliyi altında fəaliyyət göstərən bolşeviklər bu hücumları “əks-inqilabi qüvvələrə qarşı mübarizə” kimi təqdim etsələr də, əslində əsas hədəf azərbaycanlıları şəhərdən tamamilə çıxarmaq idi. Martın 31-dən başlayaraq şəhərdəki azərbaycanlı məhəllələri top atəşinə tutuldu, yüzlərlə ev yandırıldı, dinc əhali, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirildi.
Bu hadisələr təkcə Bakı ilə məhdudlaşmadı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Lənkəran və digər bölgələrdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğınlar törətdilər. Bu proseslər göstərirdi ki, 31 Mart soyqırımı planlaşdırılmış və uzun müddətə hesablanmış siyasətin nəticəsi idi. Azərbaycan xalqı yalnız milli və dini kimliyinə görə qətliama məruz qalmışdı.
1918-ci il mart-aprel aylarında baş verən soyqırım Azərbaycan tarixində unudulmaz bir faciə kimi qalır. Bu qətliamın nəticələri təkcə insan itkisi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə siyasətinin bir parçası idi. Azərbaycanın müxtəlif bölgələrində minlərlə dinc əhali qətlə yetirildi, evlər yandırıldı, tarixi abidələr məhv edildi. Bu hadisələr Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət tərəfindən ciddi şəkildə araşdırıldı və beynəlxalq ictimaiyyətə çatdırılmasına cəhd göstərildi. 1919-cu ildə AXC hökuməti 31 Mart tarixini “Milli Matəm Günü” elan etdi və xüsusi araşdırma komissiyası yaradaraq törədilən vəhşiliklərin sənədləşdirilməsini təmin etdi. Lakin AXC-nin mövcudluğu cəmi iki il sürdüyü üçün bu işin nəticələri geniş şəkildə beynəlxalq ictimaiyyətə çatdırıla bilmədi.
Sovet dönəmində isə bu hadisələr məqsədli şəkildə gizlədildi və hətta azərbaycanlılara qarşı törədilən bu cinayətlər barədə danışmaq qadağan olundu. Sovet ideologiyası çərçivəsində ermənilər “zülm görmüş xalq” kimi təqdim edilir, azərbaycanlıların isə tarixi həqiqətləri dilə gətirməsinə imkan verilmirdi. Bolşevik rejimi dövründə Bakı qırğınlarını törədənlərin bəziləri yüksək vəzifələrə gətirildi və hətta qəhrəman kimi tanındılar. Sovet hakimiyyəti Azərbaycanın tarixi faciələrini unutdurmağa çalışsa da, xalq yaddaşında bu soyqırımın izləri silinmədi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 31 Mart hadisələrinə tarixi və hüquqi baxımdan ədalətli qiymət verilməyə başlandı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məsələyə xüsusi diqqət ayırdı. 1998-ci ildə imzalanan 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında”fərmanla 31 Mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi və hər il dövlət səviyyəsində anılmağa başladı. Bu addım Azərbaycan dövlətinin tarixə və milli yaddaşa sahib çıxmaq iradəsinin göstəricisi idi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1918-ci il soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində işlər aparıldı, tarixi sənədlər araşdırıldı və bu hadisələr haqqında geniş məlumatlar ictimaiyyətə təqdim edildi.
Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev də bu məsələyə xüsusi önəm verməkdə davam edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixinin təhrif olunmasının qarşısını almaq üçün ardıcıl addımlar atılmışdır. Dövlət başçısının çıxışlarında 1918-ci il hadisələri bir soyqırım kimi qiymətləndirilir və bu faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətində işlərin davam etdiriləcəyi vurğulanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif beynəlxalq tribunalarda bu hadisələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün diplomatik fəaliyyət həyata keçirilir. Azərbaycanın müasir dövrdə apardığı uğurlu xarici siyasət nəticəsində bu soyqırımın beynəlxalq səviyyədə tanınması üçün müxtəlif sənədlər qəbul edilmiş, xarici ölkələrdə konfranslar və tədbirlər təşkil olunmuşdur.
31 Mart soyqırımı yalnız keçmişin bir hissəsi kimi deyil, bu gün də Azərbaycan xalqının milli kimliyinin və tarixinin ayrılmaz parçası kimi qalır. Azərbaycan dövləti bu hadisələrin unudulmaması və gələcək nəsillərə düzgün çatdırılması üçün sistemli şəkildə fəaliyyət göstərir. Tarixi ədalətin bərpası naminə Azərbaycan dövlətinin apardığı siyasət, bu faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər və hüquqi mübarizə 1918-ci il qurbanlarının xatirəsinə hörmətin bir ifadəsidir.
31 Mart soyqırımı Azərbaycan tarixinin ən qanlı faciələrindən biri kimi yadda qalıb və onun xatirəsinin yaşadılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Tarixi araşdırmalar və arxiv sənədləri bu soyqırımın sistemli və məqsədyönlü şəkildə həyata keçirildiyini sübut edir. Azərbaycanlı tarixçilərvə beynəlxalq ekspertlər 1918-ci ildə baş verən hadisələri tədqiq edərək, onların soyqırım kimi tanınması üçün mühüm sübutlar ortaya qoyublar. Qafqaz Araşdırmaları İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası və digər elmi mərkəzlər bu istiqamətdə geniş işlər aparmış, erməni daşnak-bolşevik qüvvələrinin törətdiyi vəhşilikləri sənədləşdirmişlər.1918-ci il hadisələrinin araşdırılması və soyqırım faktlarının sənədləşdirilməsi üçün elmi-tədqiqat işləri genişləndirilmişdir. Quba şəhərində aşkarlanan kütləvi məzarlıq 1918-ci il soyqırımının ən mühüm maddi sübutlarından biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə burada Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır. Bu memorial kompleks, 1918-ci ilin aprel-may aylarında erməni daşnak dəstələrinin törətdiyi kütləvi qətliamın canlı şahidi olan məzarlıq üzərində inşa edilib və bu gün Azərbaycan xalqının tarixində mühüm bir xatirə məkanıdır.
Soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti ardıcıl siyasət yürüdür. Xüsusilə Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmandan sonra 31 Mart hadisələrinin beynəlxalq səviyyədə tanıdılması üçün geniş işlər görülməyə başlanmışdır. Xarici ölkələrdə keçirilən elmi konfranslar, beynəlxalq forumlar və sərgilər vasitəsilə bu faciə barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Eyni zamanda, Azərbaycan diaspor təşkilatları müxtəlif ölkələrdə 31 Mart soyqırımı ilə bağlı tədbirlər keçirir, xarici mətbuatda məqalələr dərc etdirir və bu hadisənin tanınması üçün rəsmi müraciətlər edirlər.
Hər il 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmi şəkildə qeyd olunur. Bu tarixdə ölkənin müxtəlif şəhərlərində anım tədbirləri keçirilir, şəhidlərin xatirəsi yad edilir. Dövlət rəhbərliyi, ictimaiyyət nümayəndələri və gənclər memorial komplekslərə gələrək soyqırım qurbanlarının xatirəsini anırlar. Təhsil müəssisələrində 31 Mart hadisələri ilə bağlı xüsusi dərslər təşkil olunur, sənədli filmlər nümayiş etdirilir və elmi seminarlar keçirilir. Bakıda və ölkənin digər bölgələrində soyqırım abidələri ucaldılmış, 1918-ci il hadisələrində həlak olmuş insanların xatirəsini əbədiləşdirən memorial komplekslər yaradılmışdır.
Azərbaycan hökumətinin və diaspor təşkilatlarının apardığı diplomatik fəaliyyət nəticəsində bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar 31 Mart hadisələrini soyqırım kimi tanımağa başlamışdır. Bununla yanaşı, Azərbaycanın məqsədi bu faciəni dünya səviyyəsində tam olaraq tanıtmaq və gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün beynəlxalq səviyyədə tədbirlərin görülməsini təmin etməkdir. Bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək və şəhidlərin xatirəsini əbədiləşdirmək yolunda atdığı mühüm addımlardır.
Tarixi ədalətin bərpa olunması üçün Azərbaycan dövləti və diaspor təşkilatları tərəfindən beynəlxalq ictimaiyyətə bu faciənin həqiqətlərinin çatdırılması istiqamətində işlər davam etdirilməlidir. Bu hadisələrin soyqırım kimi tanınması üçün xarici ölkələrin parlamentlərinə müraciətlər edilməli, beynəlxalq təşkilatlarda müzakirələr aparılmalıdır. Azərbaycanın diplomatik və hüquqi müstəvidə apardığı mübarizə nəticəsində bu faciənin dünya ictimaiyyəti tərəfindən daha geniş tanınacağına ümid var.
31 Mart hadisələrinin dünya səviyyəsində tanıdılması, qurbanların xatirəsinin daim anılması və tarixi ədalətin bərpa edilməsi Azərbaycan dövlətinin və xalqının üzərinə düşən tarixi və mənəvi borcdur. Bu soyqırımın unudulmaması üçün gələcək nəsillər həqiqətləri bilməli, milli tariximizi və şəhidlərimizin xatirəsini daim yaşatmalıdırlar.
Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 107 il ötür. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan bu qədər vaxt ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “31 mart azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart tarixi azərbaycanlıların soyqırımı günü elan edilib.
Xalqımıza qarşı 1918-ci ildə törədilmiş mart soyqırımı kimi faciəli tariximizin sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni canlı səhifələrin açılmasına gətirib çıxarıb.
1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur.
Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır. Hər il minlərlə insan qətlə yetirilən soydaşlarımızın xatirəsini yad etmək üçün buranı ziyarət edir.
2013-cü il sentyabrın 18-də məzarlığın yerində Quba Soyqırımı Memorial Kompleksinin rəsmi açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Təbii ki, tarixin saxtalaşdırılmasına görə sovet dövründə bu bizdən gizlədilirdi. Orada uzun illər Azərbaycan xalqının qanını tökən quldurlar – onların lənətlənmiş adları çəkilir, məs. Şaumyan və onun kimiləri bizə qəhrəman kimi göstərirdilər. Məncə, bu, böyük faciədir. Uzun illər xalqımıza qarşı vəhşiliklər törədənlər sovet tarixində qəhrəman kimi qələmə verilmiş, bir çox yerlərdə onların heykəlləri ucaldılmışdır. Yalnız müstəqillik illərində biz ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı bu heykəllərdən təmizlədik və bu gün onların yerində gözəl parklar, o cümlədən Sahil parkı var. Yəni tarix və ədalət zəfər çaldı. Bu gün biz öz tariximizə qayıdırıq. Biz tariximizin bütün sahələrini bilirik və bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üzləşib”.
2018-ci il yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Tarixi sübutlar göstərdi ki, erməni millətçilərinin 1918-ci ilin mart-aprel aylarında və sonlarında törətdikləri qanlı aktların coğrafiyası daha geniş yayılıb və faciə qurbanlarının sayı gözləniləndən qat-qat çoxdur”. Müasir gəncliyin əsas vəzifəsi güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi, tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıyıq. Bu qiymətli tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaratmışdır. Beləliklə, azərbaycanlılara qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırımı siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir.
Ermənistanın terrorçu siyasətinin bariz nümunəsi olan faktlardan biri də II Qarabağ müharibəsi müddətində sərhəddən kilometrlərlə uzaqda yerləşən yaşayın məntəqələrinə atəş açması idi. Bu müddət ərzində Gəncə, Mingəçevir, Xızı kimi bır sıra yaşayış məntəqəsi düşmən tərəfindən ballistik raketlərlə bombardman edildi. Bu şəhərlər içərisində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni xüsusilə qeyd etmək lazımdır. 4-17 oktyabr tarixləri müddətində 5 dəfə hücuma məruz qalan Gəncə şəhəri ən çox zərər çəkən şəhər oldu. Məsələn, Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində Gəncənin ağır artilleriya atəşinə tutulması ilə 9 mülki şəxsin öldüyü və azyaşlılar da daxil olmaqla 35 nəfərin yaralandığı, oktyabrın 17-də edilən raket hücumu nəticəsində 13 nəfərin həyatını itirdiyi, 50-dən çox insanın yaralandığı məlum oldu. Gəncədən sonra ikinci ən çox zərər çəkən şəhər Bərdə idi. Bərdə şəhərində ermənilərin mülki şəxsləri hədəf alması nəticəsində 20 mülki şəxs həyatını itirərkən, 60-dan çox insan yaralandı. Bütün dünya Azərbaycanda günahsız insanlara qarşı törədilən bu terrora gözlərini yumsa da, səssiz qalmağa çalışsalar da, Azərbaycan xalqı sosial platformalar vasitəsilə bütün həqiqətləri dünyaya çatdırmağı bacardı. Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü ümummilli lider Heydər Əliyev onilliyidir. Məhz bu dövrdə “müvəqqəti atəşkəs rejiminin” yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitliyə nail olunmuş, dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar keçirilmiş, qlobal layihələrə imza atılmış, respublikamız tədricən dünya birliyinin sıralarında yer almış və sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdı.
Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev bildirib: “Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq yoxdur”. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə 44 günlük müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atdı. Aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq. Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı. Tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq. Ulu öndər Heydər Əliyevin siyasi varisi, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə imza atdı.
Azərbaycan bir daha həm ön cəbhədə, həm də informasiya müharibəsində apardığı cəsur mübarizəsi ilə birliyinin sarsılmaz və əbədi olduğunu sübut etdi.
Azərbaycan xalqı və hökuməti hər zaman soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, dünya ictimaiyyətini bu tarixi hadisələrdən dərs almağa, erməni faşizminin əsl mahiyyətini ifşa etməyə çağırır.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!
Yaşasın şanlı Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev!