“Dövlətin qulluğunun təşkilatı əsasları və dövlətin kadr siyasəti” üzrə kurslara yekun vurulmuşdur
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlətin qulluğunun təşkilatı əsasları və dövlətin kadr siyasəti” istiqaməti üzrəqısamüddətli ixtisasartırma kursu keçirilmişdir. Kursa Dövlət Hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.
Kursun əsas məqsədi Azərbaycan Respublikasında dövlət idarəçiliyi sisteminin islahatları və kadr siyasəti: problemlər və vəzifələr, dövlət qulluğunda insan inkişafı amili, dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılması, dövlət orqanlarında kadr xidmətinin strukturu və funksiyaları dövlət qulluqçusunun statusu və sosial müdafiəsi: reallıqlar və perspektivlər, dövlət qulluqçusunun peşə fəaliyyətinin mənəvi-əxlaqi əsaslarıvə s.problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.
Kurs ərzində Azərbaycan Respublikasının Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetnə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini Fikrət Əzizov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası kadr məsələləri şöbəsinin kadr siyasəti məsələləri sektorunun müdiri Vasif Xələfov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasəti Komitəsinin sədri Hadı Rəcəbli və digər dövlət qurumlarının məsul nümayəndələri müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Fevral ayının 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kurs üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmiş, kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilmişdir.