loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası Şirvanda “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirmişdir
İyl 09 , 2014 – 10:08

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Şirvan şəhərində regionu əhatə edən 18 şəhər və rayonun icra hakimiyyəti başçılarının müavinlərinin və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirlərinin iştirakı ilə “Azərbaycanın innovativ inkişafı” mövzusunda növbəti seminar keçirmişdir.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək şəhərdə aparılan geniş quruculuq və abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli, sahibkarlığın inkişafı istiqamətində görülmüş tədbirlərdən danışmış, bu cür seminarların yerlərdə çalışan dövlət qulluqçuları üçün əhəmiyyətli olduğunu vurğulamışdır.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbirdə “Azərbaycan Respublikasının innovativ inkişafı beynəlxalq təşkilatların sənədlərində” mövzusunda məruzə ilə çıxış etmişdir. Rektor Azərbaycanın sürətlə inkişaf etdiyini və bu inkişafın nəticəsi olaraq beynəlxalq nüfuzunun gündən-günə artdığını, ölkəmizin bir çox istiqamətlərdə regional və qlobal liderə çevirdiyini vurğulamışdır. U.Ələkbərov Azərbaycanın inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapdığını seminar iştirakçılarının diqqətinə çatdırmışdır. Rektor qeyd etmişdir ki, əldə olunan nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası durur və bu strategiyanın reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu xüsusi qeyd edilməlidir. U.Ələkbərov, həmçinin innovativ tərəqqinin əsas və həlledici amili olan insan potensialının inkişaf səviyyəsi, onun əsas meyarları haqqında danışmışdır.

 “Azərbaycanın müasir inkişaf konsepsiyası: varislik və innovativlik” mövzusunda çıxış edən akademiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov ümummilli lider Heydər Əliyevin elmi-nəzəri və siyasi irsini və onu bu gün öz əməli fəaliyyətində davam və inkişaf etdirən Prezident İlham Əliyevin uzun illərə hədəflənmiş siyasi kursunu təhlil edərək, ölkənin innovativ inkişaf strategiyasının əsas konturlarını diqqətə çatdırmışdır.

 “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi” mövzusunda çıxış edən akademiyanın elmi-təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsinin dövlət idarəçiliyinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. O, hər bir dövlət qulluqçusunun məhsuldar fəaliyyətinin çalışdığı müəssisənin səmərəliliyinin yüksəldilməsində vacib amil olduğunu və səmərəli fəaliyyəti əngəlləyən problemlərin aradan qaldırılmasının müasir dövlət idarəçilik elminin əsas tədqiqat mövzularından biri kimi müəyyən edildiyini söyləmişdir. R.Rəhimli beynəlxalq təcrübədə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində tətbiq olunan innovativ metodlar, həmçinin ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar haqqında məlumat vermişdir.

 Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırmışlar.