*Dövlət İdarəçilik Akademiyası və Pamukkale Universiteti
arasında əməkdaşlıq memorandumu imzalanıb*
25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə
Respublikasının Pamukkale Universiteti arasında əməkdaşlığa dair memorandum
imzalanıb.
Sənəd iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın
qurulmasını, tədris və elmi-tədqiqat sahəsində birgə fəaliyyətlərin həyata
keçirilməsini nəzərdə tutur. Razılaşmaya əsasən, tərəflər birgə beynəlxalq elmi
layihələr həyata keçirəcək, müxtəlif mövzularda konfrans və forumlar təşkil edəcək,
tələbə və müəllim mübadiləsi aparacaq, həmçinin hər iki universitetin elmi
kitabxana resurslarından ortaq istifadə imkanları əldə edəcəklər.
Memorandumu DİA-nın rektoru, akademik Urxan Ələkbərov və
Pamukkale Universitetinin rektoru, professor Mahmud Güngör imzalayıblar.
Çıxışı zamanı akademik Urxan Ələkbərov son onilliklərdə
qardaş Türkiyə Respublikasının hərtərəfli inkişafını xüsusi vurğulayaraq, Azərbaycan
və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə
nümunəvi əməkdaşlıq yaratdığını qeyd edib. O, bu əməkdaşlığın elm və təhsil sahəsində
də dərinləşdirilməsinin strateji zərurət olduğunu bildirərək, imzalanmış
memorandumun iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə
mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Pamukkale Universitetinin nümayəndələri
isə DİA ilə əməkdaşlığı yüksək dəyərləndirərək, imzalanan memorandumun iki
qardaş ölkənin təhsil və elm sahəsində əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini
bildiriblər.