loader image

Dia.edu.az

30 sentyabr 2025

30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları üçün növbəti təlim təşkil olunub. Təlim “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarları” mövzusuna həsr edilib.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor Qədirov Asif Xanoğlan oğlu məruzə ilə çıxış edib. O, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə mövcud qanunvericiliyə edilmiş son dəyişiklikləri, bu dəyişikliklərin tətbiq mexanizmlərini və qiymətləndirmə meyarlarını ətraflı izah edib.

Mühazirədə qeyd olunub ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövlət idarəçiliyində şəffaflığın artırılması, peşəkar kadrların seçilməsi və onların potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirmənin məqsədi dövlət qulluqçularının bilik və bacarıqlarının obyektiv dəyərləndirilməsi, onların motivasiyasının artırılması və vəzifədə irəli çəkilmə prosesinin daha səmərəli təşkilidir.

Təlim zamanı iştirakçılara qiymətləndirmənin aparılma dövrləri, metodları, yeni hesablama düsturları və nəticələr əsasında görüləcək tədbirlər barədə geniş təqdimat nümayiş etdirilib. Slaydlarla müşayiət olunan təqdimatda xüsusilə vurğulanıb ki, bu proses dövlət qulluğunda innovativ yanaşmaların tətbiqi və idarəetmədə səmərəliliyin artırılmasına xidmət edir.

Sonda professor Asif Qədirov iştirakçıların suallarını cavablandırıb, praktiki nümunələr əsasında izahlar verib və qiymətləndirmə prosesində qarşıya çıxan problemlərlə bağlı tövsiyələrini bölüşüb.

Təlim interaktiv diskussiya formatında keçib və iştirakçılar tərəfindən müsbət qarşılanıb.