Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Art” klubu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “CreArt” klubunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Zəfər – Ruhumuzun Qələbəsi” adlı konsert proqramı keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənin azadlığı uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin yad edilməsi ilə başlanıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elm və beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat elmləri doktoru Elvin Əzizbəyov çıxış edərək Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən danışıb, Akademiyada aparılan vətənpərvərlik yönümlü fəaliyyətlər haqqında məlumat verib və Mədəniyyət və İncəsənət Universiteti ilə birgə təşkil olunan bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib.
Ardınca Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova Zəfər Gününün milli ruhun formalaşmasındakı rolunu qeyd edib. O, həmçinin bu günün Azərbaycan xalqının birlik və yenilməzlik rəmzinə çevrildiyini vurğulayaraq, gənclərin bu ruhu gələcək nəsillərə ötürməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Fidan Mikayılzadə çıxış edərək tədbirin gənclər üçün önəmini vurğulayıb, əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.
Tədbirin bədii hissəsində Zəfər mövzusuna həsr olunmuş musiqi və rəqs kompozisiyaları təqdim olunub, proqram iştirakçılar tərəfindən böyük maraq və coşğu ilə qarşılanıb.
Sonda xatirə fotosu çəkilib.









