loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında (DİA) 8 Noyabr – Zəfər Günü münasibətilə ali təhsil müəssisəsinin rektoru, akademik Urxan Ələkbərovun müvafiq tapşırına əsasən silsilə tədbirlər davam edir. Bu çərçivədə keçirilən növbəti görüş Vətən müharibəsi qəhrəmanlarına həsr olunub.

Tədbiri giriş sözü ilə Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Zaur Məmmədov açaraq iştirakçıları salamlayıb. O qeyd edib ki, DİA-da vətənpərvərlik tərbiyəsi, milli-mənəvi dəyərlərin gənclərə aşılanması istiqamətində davamlı işlər aparılır və bu kimi görüşlər tələbələr üçün həm maarifləndirici, həm də mənəvi cəhətdən böyük əhəmiyyət daşıyır.

Vətən müharibəsi qəhrəmanı, mayor Zaur Hüseynov çıxışında döyüş yolundan, aparılan əməliyyatlardan, Azərbaycan Ordusunun qəhrəmanlığından danışıb. O, hər bir əsgərin və zabitin vətən sevgisi, qələbə inamı və torpaqların azad olunması naminə göstərdiyi fədakarlığının əhəmiyyətini vurğulayıb.

Vətən müharibəsi qəhrəmanı, mayor Mirdamət Bağıyev öz çıxışında müharibə dövründə Azərbaycan xalqının birliyindən və arxa cəbhədə göstərilən həmrəyliyin önəmindən bəhs edib. Onun sözlərinə görə, hər kəs öz mövqeyində, istər səngərdə, istərsə də arxa cəbhədə, qələbənin əldə olunması üçün əzmlə çalışırdı.


Baş leytenant İzzət Balacayev çıxışında döyüşlərdə iştirakından danışıb. O bildirib ki, gənclər şəhidlərimizin qəhrəmanlıq yolunu unutmamalı, onların ideallarını yaşatmalı və hər zaman dövlətinə sədaqətlə xidmət etməlidirlər.


Qonaqlar tərəfindən qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürur və həmrəyliyinin rəmzidir. “Bu Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qətiyyətli siyasətin və dövlət-xalq birliyinin nəticəsidir”.

Bildirilmişdir ki, “müasir Azərbaycanın əldə etdiyi bu tarixi nailiyyət Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf yolunun məntiqi davamıdır. Məhz bu müdrik siyasi xətt sayəsində Azərbaycan bu gün qalib dövlət, güclü ordu və yüksək nüfuza malik regional liderə çevrilib”.

Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış, gələcək nəsillərə milli birlik, vətənpərvərlik və dövlətə sədaqət nümunəsi kimi əbədi yaşayacaq tarixi hadisədir.