loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin, DİA Tələbə Gənclər Təşkilatının,həmçinin müxtəlif kurs tələbələrinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “44 Günlük Zəfər Salnaməsi” adlı tədbir keçirilmişdir.

Tədbirin əvvəlində şəhidlərimizin xatirəsi ehtiramla anılmış, Azərbaycan dövlət himni səsləndirilmişdir. Daha sonra tələbələrin iştirakı ilə Zəfər gününə həsr olunmuş tədbirdə 44 günlük müharibənin müxtəlif aspektlərinə toxunulmuşdur.

Tədbirdə çıxış edən gənclər 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan xalqının birliyi, ordumuzun qüdrəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində mümkün olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, bu Qələbə təkcə hərbi sahədə deyil, həm də siyasi və mənəvi baxımdan Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin əsasını qoymuşdur.

Tədbir çərçivəsində tələbələr tərəfindən Vətən müharibəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, şeirlər və videoçarxlar təqdim olunmuş, həmçinin şəhid qəhrəmanlarımızın həyat yolundan bəhs edən çıxışlar dinlənilmişdir.

Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tələbələr tərəfindən təşkil olunan tədbiri yüksək qiymətləndirmişdir. O, qeyd etmişdir ki, Akademiya gənclərinin bu təşəbbüsü onların vətənpərvərlik ruhunu, dövlətçilik ideyalarına sadiqliyini və ictimai fəallığını bir daha nümayiş etdirir.

Rektor çıxışı zamanı 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin, eləcə də Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olduğunu vurğulamışdır.

O, vurğulamışdır ki, ölkədə gənclər siyasətinin uğurlu icrası nəticəsində yetişən yeni nəsil Vətənə sədaqəti, biliyi və təşəbbüskarlığı ilə Azərbaycanın gələcək inkişafına töhfə verməkdədir. Rektor tədbirin sonunda tələbələrə uğurlar arzulamış, onlara daim milli ruhda, Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin dövlətçilik xəttinə sadiq qalmağı tövsiyə etmişdir.