loader image

Dia.edu.az

Qarabağ Araşdırmalar Mərkəzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər haqqında qısamüddətli kurslara yekun vurulmuşdur

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Qarabağ Araşdırmalar Mərkəzində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə birlikdə  ali məktəb tələbələri üçün təşkil edilmiş  “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kurslara yekun vurulmuşdur.
DİA-dan AzərTAc-a bildirmişlər ki, fevralın 18-də başlayan kursların təşkilində məqsəd indiki və gələcək nəsillərdə son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasəti haqqında yaddaşı möhkəmləndirmək, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onların ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar edilməməsinə çalışmaq olmuşdur.
İlk dinləyiciləri Dövlət İdarəçilik Akademiyasının tələbələri olmuş bu kursların keçirilməsi gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək etməklə yanaşı, dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər haqqında daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı işlərə töhfə vermək baxımından mühüm əhəmiyyətə malikdir.
Kurslarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” mövzusunda sonuncu mühazirəni oxumuşdur. Münaqişənin nizama salınması prosesində Azərbaycanın diplomatik səylərindən danışan Əli Həsənov ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyini söyləmişdir. Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunu beynəlxalq hüquq normalarının da təsdiq etdiyini vurğulamışdır. Bu səbəbdən də biz Azərbaycan dövlətinin və Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü siyasətə dəstək verməliyik. Bildirilmişdir ki, ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüzkar siyasətə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. Çünki müasir dünyada güclünün haqlı olduğu bir siyasət yürüdülür. Biz Prezidentin Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı – hücum diplomatiyasını yaddan çıxarmamalıyıq.
Kurslarda Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədovun “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, professor Kərim Şükürovun “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin böyük elmi işçisi Nazim Mustafanın “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və böyük dövlətlərin mövqeyi” və başqalarının müvafiq mövzularda mühazirələri dinlənilmişdir.
Kursların sonunda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Birliyin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov sertifikatlar təqdim etmişlər.