Prezident İlham Əliyev “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib
Bakı, 31 avqust, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulandı və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verildi. Qeyd edildi ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir. Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparıldı, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olundu. Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edildi.
Hikmət Hacıyev: Ermənistan və qondarma kriminal rejim yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər
Ağdam, 31 avqust, T.Ağaməmmədov, AZƏRTAC Biz diplomatik korpusun nümayəndələri ilə avqustun 15-də Ağdam-Xankəndi yolunun texniki imkanları və çatdırılma qabiliyyəti ilə yerində tanış olmuşduq. Hələ o zaman diplomatik korpusun nümayəndələri bir daha şahid oldular ki, Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və bu yol daha səmərəlidir. Bu yol düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanlarına malikdir. Təəssüflər olsun ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı, bu günə qədər də dəstəkləməyə davam etdiyi qondarma kriminal rejim tərəfindən yenə də məqsədyönlü şəkildə siyasi manipulyasiyalar, siyasi möhtəkirlik məqsədilə bu yolun açılmasına imkan verilmir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. “Azərbaycan tərəfindən dəfələrlə bəyan edilmişdir ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir və bu yol ilə istənilən yüklərin Xankəndinə və ətraf ərazilərə çox qısa müddət ərzində çatdırılması təmin oluna bilər. Bu yoldan bu şəkildə imtina edilməsini biz yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik. Yoldan bu formada imtina yalnız və yalnız rasizmdir. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir. Bu reinteqrasiya prosesinin tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini, eyni zamanda, onların öhdəliklərini Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır. Amma görürük ki, onlar yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər. Ermənistan tərəfindən də məqsədyönlü şəkildə bu siyasətə dəstək verilir”, - deyə H.Hacıyev əlavə edib.
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir. Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib. Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Bakı, 28 avqust, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib. AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Metin Gürakın vəzifəyə təyin olunmasından qısa zaman sonra ölkəmizə səfər etməsinin önəmi qeyd edildi və bu səfərin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu. Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edildi. Görüşdə Azərbaycanın Vətən müharibəsində Qələbəsinin önəmi və ordumuzun bu qələbənin əldə olunmasında göstərdiyi yüksək peşəkarlığı və qəhrəmanlığı vurğulandı.