29
oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin yanında
Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün
“Dövlət idarəçiliyində maraqların toqquşması və antikorrupsiya siyasəti”
mövzusunda təlim keçirilmişdir. Təlimi hüquq elmləri doktoru, professor,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Hüquq kafedrasının müdiri İsaxan Vəliyev aparmışdır.
Tədbirin
əsas məqsədi dövlət qulluqçularının korrupsiya və maraqların toqquşması ilə
mübarizə sahəsində nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması,
dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və etik davranış prinsiplərinin
daha da möhkəmləndirilməsidir.
Tədbir
çərçivəsində iştirakçılara korrupsiya ilə əlaqədar hüquqpozmaların hüquqi
qiymətləndirilməsi, maraqların toqquşmasının qarşısının alınması mexanizmləri,
korrupsiyaya qarşı mübarizənin institusional əsasları, həmçinin dövlət və
bələdiyyə idarəçiliyində şəffaflığın təmin edilməsi istiqamətində həyata
keçirilən islahatlar barədə geniş məlumat təqdim olunmuşdur.
Eyni
zamanda təlimdə korrupsiya risklərinin azaldılması, etik davranış qaydalarının
tətbiqi və peşəkar fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı praktiki
tövsiyələr verilmiş, iştirakçılar arasında mövzuya dair qarşılıqlı fikir
mübadiləsi aparılmışdır.
Tədbirin
sonunda qeyd olunmuşdur ki, bu kimi maarifləndirici təlimlər dövlət
qulluqçularının peşəkar inkişafına, dövlət orqanlarında şəffaf və məsuliyyətli
idarəetmə sisteminin formalaşmasına, eləcə də korrupsiyaya qarşı mübarizə
sahəsində milli səylərin gücləndirilməsinə əhəmiyyətli töhfə verir.





