Oktyabrın 29-da Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Milli Elmlər Akademiyasının 80
illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov 80 illik şərəfli
yol keçən AMEA-nın əməkdaşlarını təbrik edib, ölkəmizin elmi potensialının güclənməsi
və inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gələcək
fəaliyyətlərində uğurlar arzulayıb. Urxan Ələkbərov qeyd edib ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin qeyd
edilməsi barədə 2025-ci il 18 mart tarixli Sərəncamı Akademiyanın ölkəmizdə
elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların
hazırlanmasındakı roluna verilən yüksək dəyəri bir daha sübut edir.
Daha sonra Dövlət
İdarəçilik Akademiyasının professoru, Elmlər
Akademiyasının müxbir üzvü Əli Nuriyev və Dövlət İdarəçilik Akademiyasının
Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova AMEA-nın
fəaliyyətinin müxtəlif istiqamətləri, onun dövlət idarəçiliyi, sosial-iqtisadi
inkişaf, ekoloji sabitlik və milli ideologiya sahələrində oynadığı rol barədə
fikirlərini bölüşüblər.




















