Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla
iş şöbəsinin, DİA Tələbə Gənclər Təşkilatının,həmçinin müxtəlif kurs tələbələrinin birgə təşkilatçılığı
ilə Vətən müharibəsi Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “44 Günlük Zəfər
Salnaməsi” adlı tədbir keçirilmişdir.
Tədbirin əvvəlində şəhidlərimizin xatirəsi
ehtiramla anılmış, Azərbaycan dövlət himni səsləndirilmişdir. Daha sonra tələbələrin
iştirakı ilə Zəfər gününə həsr olunmuş tədbirdə 44 günlük müharibənin müxtəlif
aspektlərinə toxunulmuşdur.
Tədbirdə
çıxış edən gənclər 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin
Azərbaycan xalqının birliyi, ordumuzun qüdrəti və Müzəffər Ali Baş Komandan
İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində mümkün olduğunu vurğulamışlar.
Qeyd olunmuşdur ki, bu Qələbə təkcə hərbi sahədə deyil, həm də siyasi və mənəvi
baxımdan Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin əsasını
qoymuşdur.
Tədbir
çərçivəsində tələbələr tərəfindən Vətən müharibəsinə həsr olunmuş ədəbi-bədii
kompozisiyalar, şeirlər və videoçarxlar təqdim olunmuş, həmçinin şəhid
qəhrəmanlarımızın həyat yolundan bəhs edən çıxışlar dinlənilmişdir.
Tədbirdə çıxış edən Dövlət
İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tələbələr
tərəfindən təşkil olunan tədbiri yüksək qiymətləndirmişdir. O, qeyd etmişdir
ki, Akademiya gənclərinin bu təşəbbüsü onların vətənpərvərlik ruhunu,
dövlətçilik ideyalarına sadiqliyini və ictimai fəallığını bir daha nümayiş
etdirir.
Rektor çıxışı zamanı 44 günlük
Vətən müharibəsində əldə olunan tarixi Qələbənin Ümummilli Lider Heydər
Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin, eləcə də Prezident İlham
Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olduğunu vurğulamışdır.
O, vurğulamışdır ki, ölkədə
gənclər siyasətinin uğurlu icrası nəticəsində yetişən yeni nəsil Vətənə
sədaqəti, biliyi və təşəbbüskarlığı ilə Azərbaycanın gələcək inkişafına töhfə
verməkdədir. Rektor tədbirin sonunda tələbələrə uğurlar arzulamış, onlara daim
milli ruhda, Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin dövlətçilik
xəttinə sadiq qalmağı tövsiyə etmişdir.












