14 noyabr 2025-ci il tarixində
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
tərəfindən “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Dövlət idarəçiliyində
layihələrin idarəedilməsi” mövzusunda onlayn təlim təşkil olunub. Təlimi Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti”
kafedrasının müəllimi Nuriyyə Günəşli aparmışdır.
Tədbirin əsas məqsədi dövlət
qurumlarında layihə idarəçiliyinin müasir yanaşmalarını, tətbiq olunan
metodologiyaları və idarəetmə mexanizmlərini iştirakçılara çatdırmaq, dövlət
qulluqçularının bu sahədə nəzəri bilik və praktiki bacarıqlarını artırmaqdan
ibarət olmuşdur.
Təlim zamanı layihə əsaslı idarəetmənin müasir dövlət
idarəçiliyində rolu xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki,
layihə yanaşması dövlət orqanlarına daha çevik qərarvermə, resurslardan
səmərəli istifadə, nəticəyönümlü fəaliyyət, innovasiyaların tətbiqi və
şəffaflığın artırılması kimi mühüm üstünlüklər təqdim edir.
Təlim zamanı dövlət sektorunda
layihə planlaşdırılması, risklərin idarə olunması, resursların səmərəli
bölüşdürülməsi, layihələrin monitorinqi və qiymətləndirilməsi kimi mövzular
geniş şəkildə izah edilmişdir. Həmçinin dövlət idarəçiliyində layihə
yanaşmasının tətbiqi, effektiv nəticələrin əldə olunması və idarəetmədə
innovativ metodların rolu barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.
İştirakçılar layihələrin
icrası zamanı qarşıya çıxan çətinliklər, şəffaflığın və hesabatlılığın təmin
olunması, eləcə də dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı
fikir mübadiləsi aparmış, praktiki suallarını müzakirə etmişlər.
Tədbirin sonunda qeyd olunub
ki, bu kimi təlimlər dövlət qulluqçularının peşəkar inkişafına, idarəçilik
proseslərinin keyfiyyətinin yüksəldilməsinə və dövlət xidmətlərinin daha
effektiv şəkildə həyata keçirilməsinə mühüm töhfə verir.



