loader image

Dia.edu.az

29 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Dövlət idarəçiliyində maraqların toqquşması və antikorrupsiya siyasəti” mövzusunda təlim keçirilmişdir. Təlimi hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri İsaxan Vəliyev aparmışdır.

Tədbirin əsas məqsədi dövlət qulluqçularının korrupsiya və maraqların toqquşması ilə mübarizə sahəsində nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və etik davranış prinsiplərinin daha da möhkəmləndirilməsidir.

Tədbir çərçivəsində iştirakçılara korrupsiya ilə əlaqədar hüquqpozmaların hüquqi qiymətləndirilməsi, maraqların toqquşmasının qarşısının alınması mexanizmləri, korrupsiyaya qarşı mübarizənin institusional əsasları, həmçinin dövlət və bələdiyyə idarəçiliyində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar barədə geniş məlumat təqdim olunmuşdur.

Eyni zamanda təlimdə korrupsiya risklərinin azaldılması, etik davranış qaydalarının tətbiqi və peşəkar fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı praktiki tövsiyələr verilmiş, iştirakçılar arasında mövzuya dair qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Tədbirin sonunda qeyd olunmuşdur ki, bu kimi maarifləndirici təlimlər dövlət qulluqçularının peşəkar inkişafına, dövlət orqanlarında şəffaf və məsuliyyətli idarəetmə sisteminin formalaşmasına, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində milli səylərin gücləndirilməsinə əhəmiyyətli töhfə verir.