loader image

Dia.edu.az

03 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsi” mövzusunda elmi-praktik təlim təşkil edilmişdir. Təlim Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının baş müəllimi Anar Həsənov tərəfindən aparılmışdır.

Təlimin məqsədi dövlət qulluğunda insan resurslarının idarə edilməsinə dair nəzəri və praktiki biliklərin dərinləşdirilməsi, idarəetmə proseslərində müasir yanaşmaların tətbiqi və əmək münasibətlərinin hüquqi əsasları barədə məlumatlılığın artırılması olmuşdur.

Sessiya çərçivəsində iştirakçılara insan resurslarının idarə edilməsinin mahiyyəti, onun dövlət idarəçiliyində strateji rolu, kadr potensialının formalaşdırılması və inkişafı, işçi seçimi, adaptasiya və motivasiya mexanizmləri, fəaliyyətin qiymətləndirilməsi kimi mövzular ətrafında geniş izahat verilmişdir. Bununla yanaşı, təlimdə əmək qanunvericiliyinin mühüm müddəalarına – əmək müqavilələrinin bağlanması və xitamı, iş vaxtının təşkili, məzuniyyət hüquqları, intizam məsuliyyəti və etik davranış normalarına da toxunulmuşdur.

Təlim prosesi interaktiv müzakirələr, situasiya təhlilləri və praktiki nümunələr üzərində qurulmuş, iştirakçılar dövlət idarəçiliyində insan resurslarının idarə olunması sahəsində səmərəli yanaşmalar və institusional təcrübələr barədə fikir mübadiləsi aparmışlar.

Tədbirin yekununda vurğulanmışdır ki, bu kimi elmi-praktik təlimlər dövlət idarəçiliyində peşəkar kadr potensialının gücləndirilməsinə, idarəetmə mədəniyyətinin inkişafına və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.