loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mərkəzi icra hakimiyyəti orqanlarının təlim mərkəzlərinin əməkdaşları üçün təlim baş tutdu

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mərkəzi icra hakimiyyəti orqanlarının təlim mərkəzlərinin əməkdaşları üçün növbəti təlim keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı və 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamla təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 2.8-ci bəndinə uyğun olaraq təşkil olunub.

Təlimdə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Dövlət Miqrasiya Xidmətinin və ASAN Xidmətin təlim mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik siyasəti: Suverenliyə aparan yol” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində tətbiq olunan innovativ islahatlar, şəffaflıq, səmərəlilik və vətəndaş məmnunluğuna əsaslanan yanaşmalar ətraflı təqdim olunub. Qeyd edilib ki, həyata keçirilən islahatlar ölkənin müstəqilliyinin qorunması və suverenliyinin gücləndirilməsinə xidmət edir, idarəetmə sisteminin təkmilləşdirilməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına zəmin yaradır.

Akademik U.Ələkbərov vurğulayıb ki, bu gün ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlətçilik və idarəçilik kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni mərhələyə yüksəldilir. Həmçinin qeyd olunub ki, innovativ idarəetmə texnologiyalarının tətbiqi nəticəsində ölkə bir sıra strateji nailiyyətlər əldə edib.

Tədbir çərçivəsində vitse-prezidentlik institutunun yaradılması və Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasının önəmi qeyd olunub. Rektor qeyd edib ki, Mehriban Əliyeva vitse-prezident kimi humanitar, sosial və mədəni sahələrdə geniş fəaliyyət göstərir, dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynamaqdadır. Onun təşəbbüsləri təhsil, səhiyyə, mədəniyyət və beynəlxalq humanitar əlaqələrin inkişafına mühüm töhfə vermiş, dövlət idarəçiliyində çeviklik və səmərəliliyin artırılmasına şərait yaratmışdır.

Təlim zamanı rektor, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ekoloji sivilizasiyaya keçid, inklüziv cəmiyyətin qurulması və davamlı inkişafın təşviqi sahəsində həyata keçirdiyi layihələr barədə qeydlər aparıb. Bildirilib ki, Leyla Əliyevanın təşəbbüsləri ekoloji dayanıqlılıq, yaşıl iqtisadiyyat və insan hüquqları prinsiplərinin vəhdətini təmin etməklə cəmiyyətin davamlı inkişafına töhfə verir.

Sonda vurğulanıb ki, bu kimi təşəbbüslər ölkənin iqtisadi və sosial dayanıqlığını artırmaqla yanaşı, milli müstəqillik və suverenliyin qorunmasına da xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının əsas dayağını təşkil edir.

            Təlim diskussiya formatında davam edib və uğurla başa çatıb.