DİA əməkdaşı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
insan resurslarının inkişafına həsr olunmuş növbəti görüşündə iştirak edib
18
iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının (DİA) Elm və beynəlxalq əlaqələr üzrə prorektoru,
professor Elvin Əzizbəyov Qırğızıstan Respublikasının Nazirlər Kabineti yanında
Dövlət Xidmətləri və yerli İdarəetmə Agentliyi və Jusup Abdrahmanov adına Qırğızıstan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı
ilə Issık-Kul vilayətində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin
insan resurslarının inkişafına məsul olan təşkilatların rəhbərlərinin IV görüşündə
iştirak edib.
TDT-nin
Baş katibi, onun müavinləri, Türkiyə Respublikası Prezidentinin Administrasiyasının
İdarəetmə İşləri İdarəsinin Kadrlar və Prinsiplər üzrə Baş direktoru, TDT-yə
üzv ölkələrinin Dövlət Qulluğu Məsələləri üzrə Agentliklərinin sədrləri, eləcə də
bu ölkələrdə fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyalarının rəhbər şəxsləri
və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Türk Dünyası İnsan
Resurslarının İnkişafı İnstitutunun yaradılmasına dair Anlaşma Memorandumunun əsas
müddəaları, TDT-yə üzv ölkələrdə insan resurslarının idarə edilməsi sahəsində Dövlətlərarası
Şuranın yaradılması konsepsiyası, İnsan resurslarının inkişafı kapitalının
yaradılmasına dair konseptual yanaşmalar, Tədqiqat Mərkəzi və TDT-nin “İnsan
kapitalının inkişafına töhfəyə görə (qeyri-dövlət qulluqçusu)” mükafatın təsis olunması ilə bağlı əsasnamənin müddəaları
və gələcək əməkdaşlıq istiqamətləri haqqında müzakirələr aparılmışdır.
Qırğızıstan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət Xidmətləri və yerli İdarəetmə
Agentliyinin sədrinin moderatorluğu ilə keçirilən görüşdə Elvin Əzizbəyov “Türk
Dövlətləri Təşkilatında insan kapitalının inkişafı: ortaq məqsədlər və strateji
yanaşmalar” mövzusunda məruzə ilə çıxış etmişdir.