DİA-da Dövlət Miqrasiya
Xidmətinin əməkdaşları üçün “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan
Konstitusiyasının müəllifidir” adlı təlim keçirilmişdir
2025-ci il iyulun 25-də Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin əməkdaşları üçün Azərbaycan Respublikası Prezidentinin
yanında Dövlət İdarəçilik Akademiyasında “Ümummilli Lider Heydər Əliyev
müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş təlim
keçirilmişdir. Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının ilk
Konstitusiyasının qəbul olunması prosesində Ümummilli Lider Heydər Əliyevin
misilsiz xidmətlərini iştirakçıların diqqətinə çatdırmaq, bu mühüm hüquqi
sənədin dövlət quruculuğundakı əhəmiyyətini izah etmək və dövlət
qulluqçularında konstitusiya hüququ sahəsində bilik və yanaşmaları
dərinləşdirmək olmuşdur.
Təlimdə Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının
müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev mühazirə ilə çıxış
etmişdir. O, Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Konstitusiya Komissiyasına
rəhbərlik etməsini, Konstitusiyanın hazırlanmasında birbaşa iştirakını və bu
prosesi ictimai müzakirələr əsasında şəffaf şəkildə həyata keçirməsini xüsusi
vurğulamışdır. Təlim çərçivəsində həmçinin Konstitusiyanın qəbulundan əvvəl və
sonrakı dövrdə həyata keçirilmiş hüquqi islahatlar, Konstitusiya Məhkəməsinin
yaradılması, qanunvericilik təşəbbüsü hüququnun tənzimlənməsi və hüquqi dövlət
quruculuğunda Konstitusiyanın rolu geniş şəkildə təhlil olunmuşdur.
Professor İsaxan Vəliyev çıxışında Konstitusiyanın
preambulası və əsas prinsipləri barədə ətraflı məlumat vermiş, Heydər Əliyevin
Konstitusiyanın əsas fəlsəfəsinə dair ifadə etdiyi bu fikirləri tədbir
iştirakçılarının diqqətinə çatdırmışdır:
“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir
Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının
demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas
Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – icra, qanunvericilik, məhkəmə
hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə
təmin olunmalıdır.”
Mühazirədə qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş
əsas prinsiplər – dövlətin müstəqilliyi, hakimiyyət bölgüsü, insan hüquq və
azadlıqlarının müdafiəsi, qanunvericilik təşəbbüsü hüququ və vətəndaş
cəmiyyətinin formalaşdırılması mexanizmləri – hüquqi dövlətin əsas sütunlarını
təşkil edir. Professor Vəliyev vurğulamışdır ki, Konstitusiya yalnız hüquqi
sənəd deyil, həm də xalqın iradəsinin ifadəsi, milli birliyin və dövlətin
suverenliyinin təminatçısıdır. O əlavə etmişdir ki, Ümummilli Lider Heydər
Əliyevin təşəbbüsü ilə 1995-ci ildə hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul
edilmiş bu sənəd Azərbaycanın hüquqi, siyasi və inzibati sisteminin əsasını
təşkil edən fundamental sənəddir.
Təlim çərçivəsində həmçinin hüquqi dövlət quruculuğu
istiqamətində görülən işlər, Konstitusiya Məhkəməsinin fəaliyyəti və hüquqi
nəzarət mexanizmləri, eləcə də son illərdə aparılmış konstitusiya islahatları
barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Bu kontekstdə 2025-ci ilin
ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunmasının mahiyyəti və hüquqi
maarifləndirmə tədbirlərinin əhəmiyyəti də xüsusi qeyd edilmişdir.
Təlim interaktiv şəkildə təşkil olunmuş, iştirakçılar
arasında sual-cavab sessiyaları keçirilmiş və real hüquqi vəziyyətlər üzərində
praktiki müzakirələr aparılmışdır. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin
siyasi və hüquqi irsinin müasir Azərbaycan cəmiyyətində, xüsusilə də hüquqi
düşüncə və dövlət idarəçiliyi sahəsindəki əhəmiyyətini bir daha dərk etmişlər.
Tədbirin sonunda professor İsaxan Vəliyev Ümummilli Lider
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının
formalaşdırılmasındakı əvəzolunmaz rolunu bir daha vurğulamış, iştirakçılara bu
dəyərli irsi dərindən öyrənməyin və onu gələcək nəsillərə ötürməyin vacibliyini
çatdırmışdır.