23
sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında icra hakimiyyəti orqanlarının “Sosial-iqtisadi
inkişafın təhlili və proqnozlaşdırılması” və “İctimai-siyasi və humanitar
məsələlər” şöbələrinin rəhbərləri üçün nəzərdə tutulmuş təlim proqramının
açılışı baş tutmuşdur.
Təlim,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 dekabr 2014-cü il
tarixli 387 nömrəli Fərmanı və həmin sənədə edilmiş 15 may 2025-ci il tarixli
394 nömrəli Fərmanla təsdiq olunmuş dəyişikliklərə əsasən təşkil olunmuşdur.
Proqram “Dövlət idarəçiliyində inkişaf göstəriciləri və onların ölçülməsi”
mövzusuna həsr edilmişdir.
Təlimin ilk günündə Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov
çıxış edərək dövlət idarəçiliyində nəticəyönümlü fəaliyyətin təşviq
olunmasının, strateji planlaşdırma və idarəetmə indikatorlarının tətbiqinin
əhəmiyyətini vurğulamışdır. Akademik Urxan Ələkbərov həmçinin Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən idarəçilik islahatları, şəffaflıq və
səmərəliliyə əsaslanan yeni idarəetmə modelinin mahiyyəti barədə iştirakçılara
geniş məlumat vermişdir.
Dörd moduldan ibarət olan bu təlim proqramı iqtisadi,
humanitar,
sosial
və korporativ
idarəetmə sahələrini əhatə edir. Təlimin keçirilməsində əsas
məqsəd yerli icra hakimiyyəti orqanlarında rəhbər vəzifə tutan kadrların müasir
dövlət idarəçiliyi sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, o
cümlədən inkişaf göstəricilərinin formalaşdırılması və onların effektiv
ölçülməsi sahəsində praktiki vərdişlərin aşılanmasıdır.
Ümumilikdə həftədə iki dəfə olmaqla 48 saatlıq təlim
proqramının 2025-ci il sentyabrın 23-dən dekabrın 11-dək hibrid formada – həm əyani,
həm də onlayn rejimdə keçirilməsi nəzərdə tutulmuşdur.