30
sentyabr 2025
30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinin əməkdaşları üçün növbəti təlim təşkil olunub. Təlim
“Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarları” mövzusuna
həsr edilib.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının “Hüquq”
kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor Qədirov Asif Xanoğlan
oğlu məruzə ilə çıxış edib. O, dövlət qulluqçularının fəaliyyətinin
qiymətləndirilməsi üzrə mövcud qanunvericiliyə edilmiş son dəyişiklikləri, bu
dəyişikliklərin tətbiq mexanizmlərini və qiymətləndirmə meyarlarını ətraflı
izah edib.
Mühazirədə qeyd olunub ki, dövlət qulluqçularının xidməti
fəaliyyətinin qiymətləndirilməsi dövlət idarəçiliyində şəffaflığın artırılması,
peşəkar kadrların seçilməsi və onların potensial imkanlarının üzə çıxarılması
baxımından mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirmənin məqsədi dövlət
qulluqçularının bilik və bacarıqlarının obyektiv dəyərləndirilməsi, onların motivasiyasının
artırılması və vəzifədə irəli çəkilmə prosesinin daha səmərəli təşkilidir.
Təlim zamanı iştirakçılara qiymətləndirmənin aparılma
dövrləri, metodları, yeni hesablama düsturları və nəticələr əsasında görüləcək
tədbirlər barədə geniş təqdimat nümayiş etdirilib. Slaydlarla müşayiət olunan
təqdimatda xüsusilə vurğulanıb ki, bu proses dövlət qulluğunda innovativ
yanaşmaların tətbiqi və idarəetmədə səmərəliliyin artırılmasına xidmət edir.
Sonda professor Asif Qədirov iştirakçıların suallarını cavablandırıb,
praktiki nümunələr əsasında izahlar verib və qiymətləndirmə prosesində qarşıya
çıxan problemlərlə bağlı tövsiyələrini bölüşüb.
Təlim interaktiv diskussiya formatında keçib və iştirakçılar
tərəfindən müsbət qarşılanıb.




