loader image

Dia.edu.az

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı erməni saxtakarlığına tutarlı cavabdır
Okt 15 , 2014 – 10:14

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunmuş “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixinə həsr olunan kitabın məziyyətlərindən danışıb. Bildirilib ki, akademik Ramiz Mehdiyevin bu kitabı tariximizi saxtalaşdırmağa çalışan erməni müəlliflərə tutarlı cavabdır. Çünki monoqrafiyada Dağlıq Qarabağın tarixi çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında təqdim edilir. Əsərin rus dilində çap olunması Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynayacaq.
Akademik U.Ələkbərov təkzibolunmaz faktlara istinadən Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqətləri əks etdirən belə vacib əsərin yazılmasına görə akademik Ramiz Mehdiyevə DİA-nın kollektivi adından minnətdarlığını bildirib.
Rektor əsərin Dövlət İdarəçilik Akademiyasında daha dərindən öyrənilməsinin və Azərbaycan dilinə tərcümə edilərək dövlət idarəçiliyi sahəsində hazırlanan gənc kadrların tədris proqramlarında yer almasının vacibliyini vurğulayıb.
Tədbirdə Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli, deputatlar Aydın Mirzəzadə, Elman Məmmədov çıxış edərək akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” adlı yeni əsərini tarixçilər, politoloqlar, ekspertlər və tədqiqatçılar üçün mühüm mənbə, həmçinin Azərbaycan elminə dəyərli töhfə kimi səciyyələndiriblər. Natiqlər əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktların, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahının verildiyini, ilkin mənbələrə əsaslanaraq əsl həqiqətlərin rusdilli oxucuya təqdim edildiyini, tarixi-fəlsəfi cəhətdən elmi ümumiləşdirmələrin aparıldığını xüsusi qeyd ediblər.
Müzakirədə DİA-nın birinci prorektoru, professor Əlikram Abdullayev, tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, professor Həvva Məmmədova, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, akademiyanın dosenti Elçin Əhmədov və başqaları çıxış edərək akademik Ramiz Mehdiyevin yeni kitabının əhəmiyyətindən danışıblar. Natiqlər akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının indiyədək bu mövzuda yazılmış əsərlər arasında mühüm yer tutduğunu xüsusi qeyd ediblər. Zəngin tarixi faktlara söykənən mühüm elmi-nəzəri ümumiləşdirmələrin yer aldığı kitabın ali məktəblərdə tədrisinin vacibliyi vurğulanıb.