Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında (DİA) 27 Sentyabr – Anım Günü ilə əlaqədar
təsdiq olunmuş iş planına uyğun olaraq silsilə tədbirlər təşkil olunub.
24 sentyabr tarixində böyük akt zalında Anım Gününə
həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Konfrans dövlət himninin
səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
ilə başlanıb.
Dövlət İdarəçilik
Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbiri giriş sözü ilə açaraq
iştirakçıları salamlayıb. O, 27 Sentyabrın Azərbaycan tarixində xüsusi əhəmiyyət
daşıdığını, bu günün xalqımızın milli qürur və həmrəylik günü kimi yaddaşlara həkk
olunduğunu vurğulayıb. Akademik qeyd edib ki, Vətən müharibəsində şəhid olan qəhrəmanların
xatirəsi daim qəlblərdə yaşayacaq və onların göstərdiyi şücaət gələcək nəsillər
üçün örnək olacaq. Urxan Ələkbərov bildirib ki, bu böyük tarixi Qələbə Ulu Öndər
Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən
ardıcıl şəkildə inkişaf etdirilən daxili
və xarici siyasətin məntiqi nəticəsidir. Rektor Azərbaycanın son illərdə əldə
etdiyi iqtisadi, siyasi və hərbi nailiyyətlərdən bəhs edərək, Ulu Öndərin müəyyən
etdiyi və Prezident İlham Əliyevin müasir tələblərə uyğun zənginləşdirdiyi
innovativ dövlət idarəçiliyi strategiyasının bu uğurlarda həlledici rol
oynadığını qeyd edib. Onun sözlərinə görə, məhz bu inkişaf xətti 44 günlük Vətən
müharibəsində əldə olunan möhtəşəm Qələbəni təmin edən əsas amillərdən olub.
Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında Vətən müharibəsinin tarixi
əhəmiyyətindən danışıb. O qeyd edib ki, 44 günlük müharibə Azərbaycan xalqının
birliyi, dövlətimizin siyasi və hərbi gücünün təntənəsi oldu. Millət vəkili
şəhidlərin qəhrəmanlığının dövlətçilik ənənələrimizin qorunmasında və milli
həmrəyliyin möhkəmlənməsində misilsiz rol oynadığını vurğulayıb.
Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının
müdiri, dosent Firdovsiyyə Əhmədova isə çıxışında 27 Sentyabrın təkcə bir anım
günü deyil, həm də Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu diqqətə
çatdırıb. O bildirib ki, 2020-ci ildə başlanan Vətən müharibəsi ölkəmizin ərazi
bütövlüyünü bərpa etməklə yanaşı, xalqımızın mənəvi-psixoloji qələbəsinə
çevrildi. F.Əhmədova şəhidlərin həyat yolunun, onların göstərdikləri
qəhrəmanlığın gənc nəslə daha dərindən təbliğ edilməsinin vacibliyini qeyd
edib.
Bundan başqa,
Anım günü ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında kitab sərgisi
baş tutmuşdur. Akademiyanın kitabxanasında təşkil
olunmuş kitab sərgisində Vətən müharibəsinə, şəhidlərin qəhrəmanlıq yoluna və
Azərbaycanın tarixi Qələbəsinə həsr olunmuş nəşrlər nümayiş etdirilib. Sərgidə
həm yerli, həm də xarici müəlliflərin əsərləri iştirakçılara təqdim olunub.
Tədbirlər
silsiləsinin davamı olaraq Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə gənclər
arasında konfrans da keçirilib. Gənc tədqiqatçılar öz məruzələrində Vətən
müharibəsinin siyasi, hüquqi, sosial və hərbi aspektlərinə toxunaraq, şəhidlərin
şərəfli həyat yolunun gənc nəslin milli kimlik və vətənpərvərlik tərbiyəsində
mühüm rol oynadığını xüsusi vurğulayıblar.