loader image

Dia.edu.az

01.10.2025

2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Dövlət idarəçiliyində anti-korrupsiya siyasəti” mövzusunda təlim keçirilmişdir. Təlimin əsas məqsədi dövlət qulluqçularında korrupsiyaya qarşı mübarizə sahəsində institusional və hüquqi mexanizmlər barədə biliklərin artırılması, şəffaf və hesabatlı idarəetmə prinsiplərinin təbliği olmuşdur.

Təlimdə Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Aslanov Seyfulla Xaliq oğlu mühazirə ilə çıxış etmişdir. O, ölkəmizdə həyata keçirilən anti-korrupsiya siyasətinin hüquqi əsasları, beynəlxalq öhdəliklər, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar və milli qanunvericilik bazasında nəzərdə tutulmuş mexanizmlər haqqında ətraflı məlumat vermişdir.

Mühazirədə qeyd edilmişdir ki, korrupsiyaya qarşı mübarizə təkcə hüquqi məsələ deyil, eyni zamanda etik, inzibati və ictimai məsuliyyət daşıyan kompleks bir sahədir. Dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq prinsiplərinin tətbiqi korrupsiya hallarının qarşısının alınmasında mühüm rol oynayır.

Aslanov Seyfulla Xaliq oğlu çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı aparılan məqsədyönlü siyasətin nəticələri, həmçinin “Açıq hökumət” təşəbbüsü, “ASAN xidmət” modeli və elektron hökumət layihələrinin bu istiqamətdə mütərəqqi nümunələr olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Təlim zamanı iştirakçılar həmçinin dövlət qulluqçularının etik davranış qaydaları, maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üzrə müvafiq mexanizmlər barədə praktiki biliklər əldə etmişlər.

Tədbirin sonunda müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.