loader image

Dia.edu.az

Bu həftə Dövlət İdarəçilik Akademiyasının Böyük akt zalında  dosent Çingiz Məmmədovun müəllifi olduğu “Beynəlxalq münasibətlər tarixi” adlı 5 cildlik kitabın təqdimatı baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan Tarix kafedrasının müdiri F.Əhmədova çıxışında dərslik haqda geniş məlumat vermiş, əhəmiyyətini diqqətə çatdırmışdır: Beş cildlik Beynəlxalq münasibətlər tarixinin birinci cildi Vestfal sistemi (1648- 1815-ci illər) adlanır.  Dərsliyin birinci cildi Vestfal sisteminin təşəkkülündən Vyana konfransına qədər beynəlxalq münasibətlər tarixinin əsas hadisə və problemlərini əhatə edir. Burada eyni zamanda, beynəlxalq münasibətlərin yeni dövrünün ərəfəsində və qovşağında dövlətlərarası münasibətlərin inkişafında formalaşmış bir sıra ənənə və qanunauyğunluqların qısa  şərhi də verilir.

Beynəlxalq münasibətlər tarixinin ikinci cildi Vyana sisteminə (1815-1918) həsr olunubdur. Dərsliyin bu cildi Vyana sisteminin təşəkkülündən Birinci dünya müharibəsinin sonuna qədər olan beynəlxalq münasibətlər tarixinin əsas hadisə və problemlərini əhatə edir. Onların beynəlxalq nizama xas olan ümumi xüsusiyyətləri, eləcə də yerli və tarixi xüsusiyyətləri aydınlaşdırılır.

 Beynəlxalq münasibətlər tarixi dərsliyinin üçüncü cildi Versal–Vaşinqton sistemini (1919-1945-ci illər) əhatə edir. Dərsliyin bu cildi  iki dünya müharibəsi arasında olan dövrdə və İkinci dünya müharibəsi illərində dünya dövlətlərinin beynəlxalq münasibətlər və xarici siyasət tarixinə həsr edilmişdir. Dərsliyin üçüncü cildində Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlərdə statusu məsələlərinə və xarici siyasət fəaliyyətinin şərhinə xüsusi yer verilibdir. 1920-ci ilin aprelində, Azərbaycan Xalq Cümhuriyyətini əvəz etmiş Azərbaycan Sovet Respublikasının  formal müstəqilliyinin ləğv edilməsi və xarici siyasət fəaliyyətinin məhdudlaşdırılması  məsələləri diqqətə çəkilir.

Beynəlxalq münasibətlər tarixi dərsliyinin dördüncü cildi Yalta-Potsdam sistemində (1945—1991-ci illər) baş vermiş hadisələri özündə ehtiva  edir. Dərsliyin üçüncü cildində  İkinci dünya müharibəsinin başa çatmasından başlayaraq,  dünya nizamının ikiqütblü sisteminin dağılmasına qədər olan  dövrdə dünyada baş verən ictimai-siyasi prosesləri, beynəlxalq münasibətlər tarixinin əsas hadisələri və problemləri ardıcıl  olaraq izlənilmişdir.

Beynəlxalq münasibətlər tarixinin beşinci cildi müasir dövrün yeni dünya nizamını –1991—2024-cü illəri əhatə edir. Dərsliyin bu cildi 1991-ci ildən  – 2024-cü ilə kimi dünyada baş verən ictimai-siyasi proseslər ardıcıl  olaraq şərh edilmişdir.  Dərsliyin beşinci cildində “Müstəqil Azərbaycan Respublikası“nın beynəlxalq birlikdə olan yeri və xarici siyasət fəaliyyəti geniş və ətraflı şərh olunmuşdur”.

Tədbirdə  DİA-nın professorları F.Məmmədov, H.Məmmədova,  DİA-nın Elmi katibi dosent S.Əliyev, BDU-nun professorları L.Qasımova, A.Məmmədova, DİA-nın dosentləri A.Səfərova, İ.Ömərova, S.Budaqova çıxış edərək dərsliyin əhəmiyyəti, müəllif Ç.Məmmədovun elmi-pedaqoji fəaliyyəti haqqında geniş bəhs etmişlər. Tədbirdə DİA- nın professor-müəllim heyəti, Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan 1və 2-ci kurs tələbələri, qonaqlar iştirak etmişlər.

Sonda “Beynəlxalq münasibətlər tarixi” dərsliyinin müəllifi dosent Çingiz Məmmədov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.