loader image

Dia.edu.az

Məlum olduğu kimi Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2025-2026-cı tədris ilində ali məktəblərə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Onların 5 nəfəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələridir. Akademiya tələbələrinin ümumi sayının ölkə üzrə bütün ali məktəb tələbələrinin 1 faizindən az olduğunu nəzərə alsaq, bu nəticə ilə nisbət 1-ə qarşı 5-dir.

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşmüşdür. Rektor tələbələri bu uğur münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində və təhsillərində uğurlar arzulayıb.

Akademik Urxan Ələkbərov qeyd edib ki, Prezident təqaüdü qazanmaq təkcə yüksək biliklərin deyil, həm də məsuliyyət, vətənpərvərlik və dövlətçilik prinsiplərinə sadiqliyin göstəricisidir. Rektor vurğulayıb ki, bu uğur həm tələbələrin, həm də onların müəllimlərinin fədakar əməyinin nəticəsidir. O  qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin bilikli, müasir düşüncəli və vətənpərvər ruhda yetişməsini təmin edir. Bu siyasətin əsas məqsədi ölkənin gələcəyini formalaşdıracaq gənclərin intellektual potensialının inkişafına, onların elmi və peşəkar fəaliyyətə cəlb edilməsinə şərait yaratmaqdır.