loader image

Dia.edu.az

Gənc müəllimlər üçün “Tədrisin keyfiyyətinin və mənimsəmə səviyyəsinin yüksəldilməsi istiqamətləri” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi tərəfindən xüsusilə gənc müəllimlər üçün “Tədrisin keyfiyyətinin və mənimsəmə səviyyəsinin yüksəldilməsi istiqamətləri” mövzusunda təlim təşkil edilib.
Təlimin məqsədi tədrisin keyfiyyətini və tələbələrin mənimsəmə səviyyəsini yüksəltmək istiqamətində müəllimlərin peşəkar bacarıqlarını inkişaf etdirmək, müasir tədris metodlarını tətbiq etmək və öyrənmə prosesinin səmərəliliyini artırmaqdan ibarət olub. Təlim zamanı iştirakçılar bu mövzular ətrafında bilik və təcrübə mübadiləsi aparıb, aktual pedaqoji yanaşmalar və müasir tədris texnologiyaları müzakirə olunub.
Akademiyanın bütün kafedralarının əməkdaşları müzakirələrdə fəal iştirak edərək fikir və təkliflərini bölüşüblər. Belə tədbirlər müəllimlərin peşəkar inkişafına və tədris mühitinə daha sürətli adaptasiyasına mühüm töhfə verir.
Təlimdə həmçinin Siyasi idarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının IV kurs tələbəsi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin keyfiyyət elçisi Nəzrin Abdullayeva iştirak edib. O, çıxışı zamanı institusional akkreditasiya prosesinin real təcrübəsi haqqında danışıb və mövzu ilə bağlı praktiki nümunələr təqdim edib.