31 oktyabr
2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin
əməkdaşları üçün “Dövlət xidmətlərinin rəqəmsallaşması və iqtisadi inkişafın
təşviqi” mövzusunda növbəti təlim təşkil olunub. Təlim Dövlət İdarəçilik
Akademiyasının “İqtisadiyyatın Dövlət Tənzimlənməsi” kafedrasının müəllimi
Fəridə Məcidlinin təqdimatında keçirilib.
Təlimin
məqsədi dövlət idarəçiliyində rəqəmsal transformasiyanın elmi-nəzəri
əsaslarının öyrənilməsi və praktiki bacarıqların formalaşdırılması olub.
Proqram çərçivəsində rəqəmsal iqtisadiyyatın konseptual çərçivəsi, dövlət
xidmətlərinin rəqəmsallaşmasının prinsipləri və strateji istiqamətləri, eləcə
də Azərbaycan Respublikasında mövcud normativ-hüquqi baza və rəqəmsallaşma
siyasətinin analizi iştirakçılara təqdim edilib.
Təlim zamanı
beynəlxalq və yerli təcrübələrin müqayisəli təhlili aparılıb, elektron
xidmətlərin səmərəliliyinin və ictimai məmnuniyyət səviyyəsinin qiymətləndirilməsi
məsələləri ətrafında müzakirələr keçirilib. Fəridə Məcidli qeyd edib ki, dövlət
idarəçiliyində innovativ rəqəmsal həllərin tətbiqi və proseslərin
optimallaşdırılması iqtisadi inkişafın sürətləndirilməsinə, şəffaflığın və
vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Təlim
interaktiv diskussiya formatında təşkil olunub, iştirakçılar tərəfindən fəal
şəkildə qarşılanıb. Tədbirin sonunda iştirakçılar əldə etdikləri bilik və
bacarıqların dövlət idarəçiliyində tətbiqinin əhəmiyyətini vurğulayıblar.






