loader image

Dia.edu.az

     DİA Tələbə Elmi Cəmiyyəti 04 noyabr 2025-ci il tarixində doktorant, magistrant və  tələbələrin geniş iştirakı ilə Tarixi Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Böyük Zəfər: Güclü Azərbaycan dövlətinin inkişafında dönüş mərhələsi” mövzusunda elmi konfrans keçirmişdir.

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. 

    Zəfər Gününə həsr olunan videoçarx  nümayiş etdirilmiş, şeirlər oxunmuşdur.

    Konfransı Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Elçin Əzizbəyov açaraq,  Ermənistan dövlətinin Azərbaycana qarşı otuz il davam edən işğalçılıq siyasətindən, bu illər ərzində xalqımızı Zəfərə aparan yoldan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gündə işğalçı Ermənistan üzərində Böyük Qələbəsindən, uğurlu antiterror əməliyyatından, möhtəşəm Zəfərin tarixi əhəmiyyətindən geniş söhbət açmış, Azərbaycan  xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü münasibətilə konfrans iştirakçılarını təbrik etmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticə­sində törətdiyi cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində ağır cəza alacağına əminlik bildirmişdir. Natiq postmüharibə reallıqları və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi Qarabağın dirçəlişi strategiyasından və Böyük qayıdışdan geniş bəhs etmiş, DİA Tələbə Elmi Cəmiyyətinin Tarixi Zəfərin 5-ci ildönümünə həsr olunmuş elmi konfransının xüsusi əhəmiyyətini vurğulayaraq, onun işinə uğurlar arzulamışdır.

     Sonra DİA TEC-nin sədri, siyasi elmlər doktoru, prof.əv. Sevil Məmmədova məruzə edərək, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan,  müdrik lider və qalib sərkərdə cənab İlham Əliyevin Zəfər salnaməsindən ətraflı bəhs etmiş, torpaqlarımızın erməni işğalından azad olunmasında vətənpərvərliyini dünyaya nümayiş etdirən gənclərimizin xüsusi rolunu vurğulamış, Zəfər Bayramı münasibətilə iştirakçıları təbrik edərək, bu sonsuz sevinc hisslərini bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən yüksək etiramla daim yaşadıldığını və əbədiləşdirildiyini qeyd etmiş, dövlət başçımızın rəhbərliyi altında azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri haqqında ətraflı söhbət açmışdır.

     Plenar iclasdan sonra Konfrans öz işini  iki bölmədə DİA-nın professoru Sevil Məmmədovanın və dosenti Nurəddin İbrahimovun rəhbərliyi ilə davam etdirmişdir. Bölmə iclaslarına qatılan 60-dək doktorant, magistrant və  tələbələr  maraqlı çıxışlar etmiş, geniş fikir mübadiləsi aparmışlar. Sonda çıxış edənlər DİA Tələbə Elmi Cəmiyyətinin Sertifikatları ilə təltif edilmişlər.