loader image

Dia.edu.az

14 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Dövlət idarəçiliyində layihələrin idarəedilməsi” mövzusunda onlayn təlim təşkil olunub.  Təlimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi Nuriyyə Günəşli aparmışdır.

Tədbirin əsas məqsədi dövlət qurumlarında layihə idarəçiliyinin müasir yanaşmalarını, tətbiq olunan metodologiyaları və idarəetmə mexanizmlərini iştirakçılara çatdırmaq, dövlət qulluqçularının bu sahədə nəzəri bilik və praktiki bacarıqlarını artırmaqdan ibarət olmuşdur.

Təlim zamanı layihə əsaslı idarəetmənin müasir dövlət idarəçiliyində rolu xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, layihə yanaşması dövlət orqanlarına daha çevik qərarvermə, resurslardan səmərəli istifadə, nəticəyönümlü fəaliyyət, innovasiyaların tətbiqi və şəffaflığın artırılması kimi mühüm üstünlüklər təqdim edir.

Təlim zamanı dövlət sektorunda layihə planlaşdırılması, risklərin idarə olunması, resursların səmərəli bölüşdürülməsi, layihələrin monitorinqi və qiymətləndirilməsi kimi mövzular geniş şəkildə izah edilmişdir. Həmçinin dövlət idarəçiliyində layihə yanaşmasının tətbiqi, effektiv nəticələrin əldə olunması və idarəetmədə innovativ metodların rolu barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.

İştirakçılar layihələrin icrası zamanı qarşıya çıxan çətinliklər, şəffaflığın və hesabatlılığın təmin olunması, eləcə də dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı fikir mübadiləsi aparmış, praktiki suallarını müzakirə etmişlər.

Tədbirin sonunda qeyd olunub ki, bu kimi təlimlər dövlət qulluqçularının peşəkar inkişafına, idarəçilik proseslərinin keyfiyyətinin yüksəldilməsinə və dövlət xidmətlərinin daha effektiv şəkildə həyata keçirilməsinə mühüm töhfə verir.