loader image

Dia.edu.az

Urxan Kazım oğlu Ələkbərov, akademik, professor

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorudur. Elmdə yüksək nailiyyətlər əldə etmiş, ətraf mühitin təbii, iqtisadi, soisial və siyasi komponentlərdən ibarət vahid sistem kimi idarə edilməsi sahəsində dünyada tanınmış alim və inkişaf üzrə ekspertdir. “Yaşıl” təfəkkür (demoqrafiya və istehlak mədəniyyəti) və “yaşıl” iqtisadiyyata əsaslanan ekoloji sivilizasiya konsepsiyasının (1998) müəllifidir. Bu sahədə ixtisaslaşan akademik Ələkbərov Azərbaycan Milli Elmlər Akademiyasında vitse-prezident və elmi institutların direktoru kimi fəaliyyət göstərib. O, həmçinin 1985-ci ildən bu günə qədər BMT-nin bir çox qurumları, o cümlədən BMTİP, UNESCO və UNİCEF-də çalışır. 2000-2010-cu illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti yanında Davamlı inkişaf üzrə Şuranın (London) üzvü olmuşdur. Akademik U.Ələkbərov ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Niderland və digər ölkələrdə beynəlxalq komitə, rəhbər komitə və şuraların, elmi jurnallarda redaksiya heyətinin rəhbəri və üzvüdür. Beynəlxalq inkişaf təşkilatları olan BMT (Nyu-York), Dünya Bankı (Vaşinqton), Avropa Yenidənqurma və İnkişaf Bankı (London), həmçinin dünyanın tanınmış tədris ocaqları -ABŞ-ın Miçiqan Universiteti, Kanzas Universiteti, Ratqers Universiteti, Cakson Dövlət Universiteti, Lexay Universiteti, Kolumbiya Universiteti, Texas Universiteti, İsveçin Stokholm Universiteti, Türkiyənin Çukurova Universiteti, Almaniyanın Greyfsvold Universiteti, İsrailin Tel-Əviv Universitetində və s. davamlı inkişaf və ekoloji sivilizasiyaya dair mühazirələrlə çıxış edib və seminarlar aparıb. U.Ələkbərov 400-ə yaxın məqalə və elmi əsər, 35 kitabla yanaşı, dünyada orta və ali məktəblər üçün davamlı insan inkişafı, İnklüziv inkişafın idarə edilməsinin əsaslarına dair ilk dərsliklərin də müəllifidir. Akademik Ələkbərovun dünyada cərəyan edən proseslərlə bağlı fikirləri mütəmadi olaraq «Tanınmışlar deyiblər» başlığı altında Mahatma Qandi, Bili Qeyts, Barak Obama, Pan Gi Mun, Jimmi Karter və s. məşhur şəxslər ilə bir arada dərc edilir.