Sentyabrın
15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə
tədbir keçirilib.
Tədbir
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha
sonra DİA-nın rektoru, akademik Urxan Ələkbərov tələbələri və müəllimləri yeni
dərs ili və Bilik Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. O,
qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin elmə və təhsilə göstərdiyi diqqət və
qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Akademiyanın
ənənələrinə sadiq qalaraq bundan sonra da
tələbələrin bilik və bacarıqları ilə ölkəmizin idarəçilik sisteminin
inkişafına töhfə verəcəklərinə inamını ifadə edib. Rektor əlavə edib ki, bu gün
ölkənin gücü həm də insan potensialı ilə müəyyən olunur. Rektor çıxışında
idarəçilik sahəsində peşəkar kadrların hazırlanmasında Akademiyanın rolundan
söz açıb.
Daha
sonra Siyasi idarəetmə fakültəsinin dekanı, dosent Murtuza Həsənov çıxış edərək
tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. O, bildirib
ki, müasir dünyada dövlət idarəçiliyinin səmərəliliyi bilikli və peşəkar
kadrların hazırlığından asılıdır. Murtuza Həsənov tələbələrə nəzəri biliklərlə
yanaşı, praktiki vərdişlərə yiyələnməyin vacibliyini vurğulayaraq onların hər
birinin ölkəmizin inkişafı üçün gələcəkdə mühüm vəzifələr daşıyacaqlarına
inandığını qeyd edib.
İnzibati
idarəetmə fakültəsinin dekanı, dosent Elnur Əliyev də çıxış edərək yeni tədris
ilində tələbələrə uğurlar arzulayıb. O, dövlət qulluğu sisteminin
təkmilləşdirilməsi və innovativ idarəçilik modellərinin tətbiqində gənc
mütəxəssislərin rolunun artdığını vurğulayıb. Elnur Əliyev tələbələrə
məsuliyyətli, intizamlı və yaradıcı yanaşma nümayiş etdirməyi tövsiyə edib,
Akademiyada yaradılmış müasir imkanların
gənclərə geniş perspektivlər açdığını diqqətə çatdırıb.
Tədbirin
sonunda yüksək bal toplayan tələbələr və onların valideynləri söz alıblar. Professor
Habil Qurbanov bir baba kimi nəvəsinin Dövlət İdarəçilik Akademiyasına qəbul
olunmasının onun üçün böyük qürur və sevinc mənbəyi olduğunu bildirib. 692,5
balla respublika üzrə Azərbaycan bölməsi üzrə ən yüksək nəticə göstərmiş Gülay
Mürvətli və İqtisadiyyat ixtisası üzrə təhsil alacaq Ramal Məmmədov Dövlət
İdarəçilik Akademiyasında təhsil almanın onların arzusu olduğunu qeyd edərək
bütün yeni tələbələri təbrik ediblər.
Rəsmi
hissədən sonra birinci kurs tələbələri DİA-nın rektoru, akademik Urxan
Ələkbərovun “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik
texnologiyaları: suverenliyə aparan yol” adlı mühazirəsini dinləyiblər.
Qeyd
edək ki, 2025- 2026 cı tədris ilində
Dövlət İdarəçilik Akademiyasına qəbul olunanların əksəriyyəti yüksək bal
toplayıb. Ümumilikdə 395 bakalavr və 165 magistr tələbə bu il təhsil alacaq ki,
bu da qəbul planının tam dolduğunu göstərir.