Bu həftə Dövlət İdarəçilik Akademiyasının Böyük akt
zalında dosent Çingiz Məmmədovun müəllifi
olduğu “Beynəlxalq münasibətlər tarixi” adlı 5 cildlik kitabın təqdimatı
baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan Tarix kafedrasının müdiri F.Əhmədova
çıxışında dərslik haqda geniş məlumat vermiş, əhəmiyyətini diqqətə
çatdırmışdır: Beş cildlik Beynəlxalq münasibətlər tarixinin birinci cildi
Vestfal sistemi (1648- 1815-ci illər) adlanır.
Dərsliyin birinci cildi Vestfal sisteminin təşəkkülündən Vyana
konfransına qədər beynəlxalq münasibətlər tarixinin əsas hadisə və problemlərini
əhatə edir. Burada eyni zamanda, beynəlxalq münasibətlərin yeni dövrünün ərəfəsində
və qovşağında dövlətlərarası münasibətlərin inkişafında formalaşmış bir sıra ənənə
və qanunauyğunluqların qısa şərhi də
verilir.
Beynəlxalq münasibətlər tarixinin ikinci cildi
Vyana sisteminə (1815-1918) həsr olunubdur. Dərsliyin bu cildi Vyana sisteminin
təşəkkülündən Birinci dünya müharibəsinin sonuna qədər olan beynəlxalq münasibətlər
tarixinin əsas hadisə və problemlərini əhatə edir. Onların beynəlxalq nizama
xas olan ümumi xüsusiyyətləri, eləcə də yerli və tarixi xüsusiyyətləri
aydınlaşdırılır.
Beynəlxalq
münasibətlər tarixi dərsliyinin üçüncü cildi Versal–Vaşinqton sistemini
(1919-1945-ci illər) əhatə edir. Dərsliyin bu cildi iki dünya müharibəsi arasında olan dövrdə və
İkinci dünya müharibəsi illərində dünya dövlətlərinin beynəlxalq münasibətlər və
xarici siyasət tarixinə həsr edilmişdir. Dərsliyin üçüncü cildində Azərbaycan
Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlərdə statusu məsələlərinə və xarici
siyasət fəaliyyətinin şərhinə xüsusi yer verilibdir. 1920-ci ilin aprelində, Azərbaycan
Xalq Cümhuriyyətini əvəz etmiş Azərbaycan Sovet Respublikasının formal müstəqilliyinin ləğv edilməsi və
xarici siyasət fəaliyyətinin məhdudlaşdırılması
məsələləri diqqətə çəkilir.
Beynəlxalq münasibətlər tarixi dərsliyinin dördüncü
cildi Yalta-Potsdam sistemində (1945—1991-ci illər) baş vermiş hadisələri özündə
ehtiva edir. Dərsliyin üçüncü cildində İkinci dünya müharibəsinin başa çatmasından
başlayaraq, dünya nizamının ikiqütblü
sisteminin dağılmasına qədər olan dövrdə
dünyada baş verən ictimai-siyasi prosesləri, beynəlxalq münasibətlər tarixinin əsas
hadisələri və problemləri ardıcıl olaraq
izlənilmişdir.
Beynəlxalq münasibətlər tarixinin beşinci cildi
müasir dövrün yeni dünya nizamını –1991—2024-cü illəri əhatə edir. Dərsliyin
bu cildi 1991-ci ildən – 2024-cü ilə
kimi dünyada baş verən ictimai-siyasi proseslər ardıcıl olaraq şərh edilmişdir. Dərsliyin beşinci cildində “Müstəqil Azərbaycan
Respublikası“nın beynəlxalq birlikdə olan yeri və xarici siyasət fəaliyyəti
geniş və ətraflı şərh olunmuşdur”.
Tədbirdə DİA-nın
professorları F.Məmmədov, H.Məmmədova,
DİA-nın Elmi katibi dosent S.Əliyev, BDU-nun professorları L.Qasımova,
A.Məmmədova, DİA-nın dosentləri A.Səfərova, İ.Ömərova, S.Budaqova çıxış edərək
dərsliyin əhəmiyyəti, müəllif Ç.Məmmədovun elmi-pedaqoji fəaliyyəti haqqında
geniş bəhs etmişlər. Tədbirdə DİA- nın professor-müəllim heyəti, Beynəlxalq
münasibətlər ixtisası üzrə təhsil alan 1və 2-ci kurs tələbələri, qonaqlar
iştirak etmişlər.
Sonda “Beynəlxalq münasibətlər tarixi” dərsliyinin
müəllifi dosent Çingiz Məmmədov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü
bildirmişdir.







