loader image

Dia.edu.az

23 iyun – Dövlət qulluqçularının Peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında konfrans keçirilib. Tədbirdə dövlət qulluğunun inkişafında peşəkar kadrların rolu, dövlət qulluqçularının davamlı təlim və ixtisasartırma proseslərinə cəlb olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Tədbir iştirakçıları arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, müxtəlif dövlət qurumlarının nümayəndələri və rəhbər kadrların yenidən hazırlanması fakültəsinin magistrantları iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov dövlət qulluqçularını 23 iyun – Dövlət qulluqçularının Peşə bayramı münasibətilə təbrik edib. O, dövlət qulluqçularının ölkənin idarə olunmasında, ictimai xidmətlərin göstərilməsində və vətəndaş məmnunluğunun təmin olunmasında oynadıqları mühüm rolu xüsusi qeyd edib. Akademik vurğulayıb ki, dövlət qulluğunun inkişafı və bu sahədə çalışan kadrların peşəkarlığının artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əsas istiqamətlərindən biridir. O əlavə edib ki, Dövlət İdarəçilik Akademiyası müasir təlim proqramları, innovativ metodlar və strateji yanaşmalar əsasında dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması istiqamətində səylərini davam etdirir. Akademik çıxışının sonunda peşəkar və vətənpərvər dövlət qulluqçusu olmağın həm məsuliyyət, həm də şərəf olduğunu qeyd edib.
Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri, professor Hikmət Məmmədov çıxış edib. O bildirib ki, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, onların müasir idarəetmə prinsiplərinə uyğun təlimlərə cəlb olunması dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Professor qeyd edib ki, qlobal və regional çağırışlar fonunda çevik və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması prioritet məsələlərdən biridir. O, həmçinin vurğulayıb ki, dövlət qulluğu sahəsində islahatların uğurla davam etdirilməsi insan resurslarının inkişafı və effektiv kadr siyasəti ilə birbaşa bağlıdır.
Tədbirdə “Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu”nun direktoru, professor Gülnarə Qurbanova da çıxış edərək bildirib ki, institut dövlət qulluqçularının Peşə bayramı ərəfəsində onların peşəkar inkişafını dəstəkləmək məqsədilə genişmiqyaslı təlim və ixtisasartırma proqramları həyata keçirir. O qeyd edib ki, institut 2019–2025-ci illər üçün Dövlət Qulluğu və 2020–2025-ci illər üçün Məşğulluq Strategiyaları, eləcə də Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı çərçivəsində, minlərlə dövlət qulluqçusunu əhatə edən ənənəvi, onlayn və səyyar təlimlər təşkil etmişdir. Hazırda 54 mövzunu əhatə edən bu proqramlara innovativ idarəçilik, etik davranış, informasiya-kommunikasiya texnologiyaları (İKT), liderlik və iqlim dəyişiklikləri kimi aktual sahələr daxildir. Professor Gülnarə Qurbanova sonda bildirmişdir ki, təlimlərdə Milli Məclis deputatları, nazirlik və agentlik nümayəndələri də fəal iştirak edir və bu, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılmasına önəmli töhfə verir.
Sonra “Rəhbər kadrların yenidən hazırlanması” fakültəsinin dekanı Ülkər Şəfiyeva çıxış edərək vurğulayıb ki, bu gün Akademiyanın məzunları yalnız bir təhsil mərhələsini deyil, həm də dövlət idarəçiliyində məsuliyyət və etimadla dolu yeni bir mərhələyə qədəm qoyurlar. O, fakültənin əsas məqsədinin təkcə nəzəri biliklərin ötürülməsi deyil, eyni zamanda strateji düşüncə, analitik yanaşma və liderlik keyfiyyətlərinin formalaşdırılması olduğunu qeyd edib. Dosent bildirib ki, tədris proqramları real dövlət idarəetmə təcrübəsinə əsaslanır, yerli və beynəlxalq təcrübələrin inteqrasiyası ilə zənginləşdirilərək iştirakçıların dəyişən mühitə çevik uyğunlaşma bacarığını inkişaf etdirməyə yönəlib. Ülkər Şəfiyeva əlavə edib ki, məzunlar arasında artıq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında uğurla fəaliyyət göstərən, rəhbər vəzifələrə yüksələn peşəkar kadrlar mövcuddur ki, bu da Akademiyada həyata keçirilən keyfiyyətli təlimin nəticəsidir. O, dövlət qulluğu sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının ölkəmizin dayanıqlı və şəffaf idarəçilik modelinin möhkəmləndirilməsində əhəmiyyətini vurğulayaraq, məzunları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsinin magistrantı Adil Həsənli “Dövlət qulluğu: şəffaflıq, məsuliyyət və gələcəyə xidmət” mövzusunda öz araşdırmalarını və təəssüratlarını iştirakçılarla bölüşdü, həmçinin müdafiəsini uğurla tamamlayan qrup yoldaşlarını təbrik etdi və professor-müəllim heyəti başda olmaqla bütün akademik icmaya təşəkkürünü bildirdi. O, Akademiyada aldığı təhsilin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını, qazandığı bilik və bacarıqların onun üçün nə qədər dəyərli olduğunu xüsusilə vurğuladı.Qeyd olunmalıdır ki, respublika üzrə dövlət qulluğuna qəbul üzrə Dövlət İdarəçilik Akademiyası məzunları ilk sıralarda yer alırlar və bu təsadüfi deyil. İdarəçilik Akademiyasında təhsil alan tələbələr qəbul olduqları ilk gündən başlayaraq dövlət siyasəti, dövlət qulluqçusu olmağın əhəmiyyəti, innovativ idarəetmə, dövlət idarəçiliyi kimi vacib mövzuları mənimsəyirlər.