17 oktyabr tarixində Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA)
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 34-cü
ildönümü münasibətilə dəyirmi masa keçirilmişdir.
Tədbirin əvvəlində Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən
uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Dəyirmi masanı giriş sözü ilə
açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov qeyd edib ki, ötən 34 il ərzində
Azərbaycan xalqı müstəqilliyini qoruyaraq möhkəmləndirib, ölkəmiz regionun
siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib. Rektor vurğulayıb
ki, müstəqilliyimizin ilk illəri mürəkkəb sınaqlarla yadda qalsa da, xalqımızın
birliyi və Heydər Əliyev kimi müdrik dövlət xadiminin siyasi iradəsi sayəsində
Azərbaycan dövlətçiliyi dirçəldi, sabitlik və inkişaf dövrünə qədəm qoydu.
“Müstəqilliyimiz dönməzdir, əbədidir” – deyən Ulu Öndər Heydər Əliyevin
strateji xətti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla
davam etdirilir, Azərbaycan beynəlxalq aləmdə müstəqil, güclü və nüfuzlu dövlət
kimi tanınır,” – deyə akademik Urxan Ələkbərov çıxışında qeyd etmişdir.
Tədbirdə DİA-nın Tarix
kafedrasının professoru, tarix elmləri doktoru Havva Məmmədova “Azərbaycanın
dövlət müstəqilliyinin bərpası: tarixi və siyasi aspektlər” mövzusunda məruzə
ilə çıxış edib. O, 1991-ci il 18 oktyabr tarixində qəbul edilmiş “Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın tarixi
əhəmiyyətindən danışıb, bu sənədin əsrlərlə davam edən milli azadlıq
ideallarının reallaşmasının simvolu olduğunu vurğulayıb. Professor qeyd edib
ki, Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) dövlətçilik ənənələri 1991-ci
ildə bərpa edilmiş müstəqil dövlətin ideoloji və siyasi əsasını təşkil edib.
Havva Məmmədova bildirib ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi
və iqtisadi çətinliklər, Ermənistanın hərbi təcavüzü və daxili qarşıdurmalar
dövlətçiliyimizi ciddi sınaq qarşısında qoymuşdu. “Bu dövrdə xalqın tələbi ilə
hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müdrik siyasəti və qətiyyətli
addımları ilə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, milli
dövlətçiliyin möhkəmlənməsinə, beynəlxalq arenada nüfuzunun artmasına nail oldu,
daha sonra Prezident İlham Əliyev Azərbaycan xalqına tarixi zəfər bəxş etdi,” –
deyə professor əlavə edib.
Daha sonra çıxış edən DİA-nın
Hüquq kafedrasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Fuad
İbrahimov müstəqilliyimizin hüquqi əsasları və onun konstitusion təminatından
danışıb. O qeyd edib ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının
Konstitusiyası ölkəmizin hüquqi dövlət kimi formalaşması üçün möhkəm baza
yaratdı. Fuad İbrahimov vurğulayıb ki, “Dövlət Müstəqilliyi haqqında Akt” təkcə
siyasi sənəd deyil, həm də hüquqi baxımdan Azərbaycan xalqının öz müqəddəratını
müəyyən etmək hüququnun reallaşması idi.
O əlavə edib ki, bu gün Azərbaycan Respublikasının hüquq sistemi beynəlxalq
hüquq normalarına uyğunlaşdırılıb, qanunvericilik islahatları isə Prezident
İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilir. “Bu islahatlar
nəticəsində insan hüquq və azadlıqlarının təminatı, idarəetmənin şəffaflığı,
məhkəmə-hüquq sisteminin müasirləşməsi istiqamətində mühüm nəticələr əldə
olunub,” – deyə dosent İbrahimov çıxışında qeyd etmişdir.
Tədbirin sonunda iştirakçılar
arasında fikir mübadiləsi aparılıb.