“Konstitusiya
və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin birgə
təşkilatçılığı ilə akademiyanın inzibati binasında “İnsan və vətəndaşın hüquq və
azadlıqlarının təminində məhkəmənin rolu” mövzusunda tədbir keçirilib.
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru,
akademik Urxan Ələkbərov və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri Şeyda
Məhərrəmova tədbir iştirakçılarını salamlayaraq müvafiq mövzuda çıxışlar ediblər.
Akademik Urxan Ələkbərov bildirilib
ki, vurğuladı ki, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin əsas prioritetlərindəndir və bu
istiqamətdə həyata keçirilən sistemli islahatlar məhkəmə-hüquq sisteminin
daha müasir, şəffaf və ədalətli şəkildə formalaşmasına xidmət edir.
Bakı
şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova vurğulayıb ki,
hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Bu gün
Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni
reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam
etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq,
qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Qürurverici haldır
ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni
burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün
torpaqlarımızda tam şəkildə bərqərar edilmişdir. Bu Azərbaycan xalqının dövlət
suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin
təcəssümüdür.
Daha
sonra Binəqədi Rayon məhkəməsi tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə
bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə
Akademiyanın Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan
Vəliyev, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri Aytəkin İbrahimova və
Anar Rzayev çıxış edərək mövzunun aktuallığından və əhəmiyyətindən danışıblar.
Natiqlər
qeyd ediblər ki, müasir dünyanın demokratik inkişafının başlıca meyarlarından
birini insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması vəziyyəti təşkil
edir. Bu hüquq və azadlıqlar bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının
ali təzahürünə çevrilməklə vətəndaş cəmiyyətinin əsas prioriteti olmuşdur.
Diqqətə
çatdırılıb ki, Azərbaycanda demokratik hüquqi dövlət prinsiplərinin təşəkkül
tapdığı və gücləndiyi müasir şəraitdə vətəndaşların hüquqi müdafiə təminatlarının
gücləndirilməsinin mühüm hüquqi mexanizmi olaraq insan hüquq və azadlıqlarının
məhkəmə müdafiəsinin rolu güclənmiş, məhkəmə hakimiyyətinin səlahiyyətləri və təsir
sferası genişləndirilmiş, onun fəaliyyətində qanunçuluğun möhkəmləndirilmə
metodları təkmilləşdirilmişdir.
Xüsusi
olaraq bildirilib ki, müasir dövrdə müstəqil məhkəmə hakimiyyətinin təşkilati-hüquqi
əsaslarının yaradılması sahəsində ölkəmizdə böyük nailiyyətlər əldə edilib.