loader image

Dia.edu.az


Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra DİA-nın rektoru, akademik Urxan Ələkbərov tələbələri və müəllimləri yeni dərs ili və Bilik Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin elmə və təhsilə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Akademiyanın ənənələrinə sadiq qalaraq bundan sonra da  tələbələrin bilik və bacarıqları ilə ölkəmizin idarəçilik sisteminin inkişafına töhfə verəcəklərinə inamını ifadə edib. Rektor əlavə edib ki, bu gün ölkənin gücü həm də insan potensialı ilə müəyyən olunur. Rektor çıxışında idarəçilik sahəsində peşəkar kadrların hazırlanmasında Akademiyanın rolundan söz açıb.

Daha sonra Siyasi idarəetmə fakültəsinin dekanı, dosent Murtuza Həsənov çıxış edərək tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. O, bildirib ki, müasir dünyada dövlət idarəçiliyinin səmərəliliyi bilikli və peşəkar kadrların hazırlığından asılıdır. Murtuza Həsənov tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərə yiyələnməyin vacibliyini vurğulayaraq onların hər birinin ölkəmizin inkişafı üçün gələcəkdə mühüm vəzifələr daşıyacaqlarına inandığını qeyd edib.

İnzibati idarəetmə fakültəsinin dekanı, dosent Elnur Əliyev də çıxış edərək yeni tədris ilində tələbələrə uğurlar arzulayıb. O, dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və innovativ idarəçilik modellərinin tətbiqində gənc mütəxəssislərin rolunun artdığını vurğulayıb. Elnur Əliyev tələbələrə məsuliyyətli, intizamlı və yaradıcı yanaşma nümayiş etdirməyi tövsiyə edib, Akademiyada yaradılmış müasir  imkanların gənclərə geniş perspektivlər açdığını diqqətə çatdırıb.

Tədbirin sonunda yüksək bal toplayan tələbələr və onların valideynləri söz alıblar. Professor Habil Qurbanov bir baba kimi nəvəsinin Dövlət İdarəçilik Akademiyasına qəbul olunmasının onun üçün böyük qürur və sevinc mənbəyi olduğunu bildirib. 692,5 balla respublika üzrə Azərbaycan bölməsi üzrə ən yüksək nəticə göstərmiş Gülay Mürvətli və İqtisadiyyat ixtisası üzrə təhsil alacaq Ramal Məmmədov Dövlət İdarəçilik Akademiyasında təhsil almanın onların arzusu olduğunu qeyd edərək bütün yeni tələbələri təbrik ediblər.

Rəsmi hissədən sonra birinci kurs tələbələri DİA-nın rektoru, akademik Urxan Ələkbərovun “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik texnologiyaları: suverenliyə aparan yol” adlı  mühazirəsini dinləyiblər.

Qeyd edək ki,  2025- 2026 cı tədris ilində Dövlət İdarəçilik Akademiyasına qəbul olunanların əksəriyyəti yüksək bal toplayıb. Ümumilikdə 395 bakalavr və 165 magistr tələbə bu il təhsil alacaq ki, bu da qəbul planının tam dolduğunu göstərir.