loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 15 iyun Milli Qurtuluş Günü qeyd edilmişdir
İyn 13 , 2014 – 02:10

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını müstəqillik tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmasından, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ulu Öndərin Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdiyini xatırlatmışdır. Rektor, ölkənin xaos, anarxiya şəraitində yaşadığı o günlərdə baş verən hadisələrin separatçı qüvvələrin fəallığı ilə daha da gərginləşdiyini, Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi qarşısında qaldığını bildirmiş, xalqımızı bu çətin şəraitdən çıxarmaq üçün öz xilaskarı kimi Heydər Əliyevə üz tutmasının düzgün tarixi seçim olduğunu qeyd etmişdir. Rektor Ulu Öndərin ideyalarını uğurla və yaradıcılıqla həyata keçirən ölkə prezidenti cənab İlham Əliyevin respublikamızın davamlı inkişafı naminə gördüyü işlərdən danışmış, bu illər ərzində əldə etdiyimiz uğurların qazanılması istiqamətində onun apardığı müdrik siyasət nəticəsində ölkəmizin potensialının və nüfuzunun günbəgün artdığını qeyd etmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı professor Hadı Rəcəbli qeyd etmişdi ki, Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz müdrik, ağsaqqal sözünü dedi, vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Heydər Əliyevin xilaskarlıq missiyası bu günü tariximizə Milli Qurtuluş Günü kimi daxil etdi.

Daha sonra Dövlət İdarəçilik Akademiyası “Siyasi idarəetmə və politologiya kafedrasının müdiri, professor Nigar Ələkbərova qeyd etmişdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü müstəqillik tariximizin tədqiqi baxımından çox əhəmiyyətlidir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, mübarizə tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qorunub saxlanılmasında, ölkənin gələcək inkişafında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyevdir.

Daha sonra Beynəlxalq münasibətlər və xarici siyasət kafedrası”nın müəllimi prof. Namiq Axundov çıxış edərək Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri, kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsindən, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqsından danışdı. Qeyd etdi ki,  o zaman dövlətimizin qorunub saxlanılması azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması demək idi, qurtuluş demək idi.

Daha sonra DİA-nın “Siyasi araşdırmalar institutu”nun dirktoru professor Elman Nəsirov, DİA-nın Elmi katibi dos. Sakit Əliyev və digərləri çıxış edərək bildirmişlər ki, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı xalqın qurtuluş, nicat yolu olmuş, bu böyük şəxsiyyətin vətənin ağır günlərində öz xalqının yanında olması insanların itmiş ümidlərini özlərinə qaytarmış, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə vaxtında və yenidən qayıdışı ölkəmizi məhv olmaqdan qurtarmış, onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirmiş, ölkədə sabitlik və əmin-amanlıq yaratmışdır.