loader image

Dia.edu.az

“Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfrans keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 13 may 2025-ci il tarixində “Suverenliyin Konstitusion-Hüquqi Anlayışı və Dövlətin Xarici Siyasəti: Azərbaycan Qlobal Çağırışlar Kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi.

Konfrans Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsinə həsr olunub və bu münasibətlə suverenlik anlayışının hüquqi və siyasi kontekstlərdə dəyərləndirilməsi, eləcə də dövlətin müasir dövrdəki xarici siyasət prioritetləri ətrafında fikir mübadiləsi aparılması məqsədi daşıyır.

Konfransda yerli və xarici ekspertlər, tanınmış hüquqşünaslar, politoloqlar və beynəlxalq münasibətlər üzrə alimlər iştirak etmişlər. Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpası, suverenliyin beynəlxalq hüquqda yeri, regional təhlükəsizlik, diplomatiya və geosiyasi proseslərdə dövlətlərin rolu kimi mühüm məsələlər müzakirə olundu.

Açılış nitqi ilə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov iştirakşıları salamladı.

Daha sonra, Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev “Konstitusiya, suverenlik və müasir mərhələdə Azərbaycanın xarici siyasətinin bəzi beynəlxalq-hüquqi aspektləri” mövzusunda çıxış edərək Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq hüquqda tanınmış suverenlik prinsiplərinin tətbiqi üzrə aktual yanaşmaları elmi-praktiki əsaslarla təhlil etdi.
Konfrans iştirakçıları sırasında “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin Rəhbəri professor Hasan Oktay, “Qarabağ” Araşdırmalar mərkəzinin rəhbəri professor Elçin Əhmədov, Suxumi Dövlət Universitetinin rektoru, professor Zurab Khonelidze (Gürcüstan), Rusiya Federasiyasının 1-ci dərəcə Dövlət müşaviri siyasi elmlər doktoru Tatyana Poloskova, Beynəlxalq “Şərq-Qərb” Geopolitik Proqnozlaşdırma Mərkəzinin Prezidenti, professor Karlığaş Nuğmanova (Qazaxstan), Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru Mehman Süleymanov, Təhlükəsizlik və İqtisadiyyat Ali Məktəbinin dosenti Teodor Deçev (Bolqarıstan), İnformasiya müharibələri araşdırma İnstitutunun icraçı direktoru Yuriy Boçarov (İsrail), Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müdiri dosent Cənnətxan Eyvazov, Gürcüstan Texniki Universiteti hüquq və beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru David Tchotchua, Rusiya Elmlər Akademiyasının Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər İnstitutunun əməkdaşı tarix elmləri doktoru Viktor Mizin və digər nüfuzlu mütəxəssislər yer alır.