8 may 2025-ci il tarixində Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin zəngin dövlətçilik irsi qüdrətli Azərbaycanın təməlidir” mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov giriş sözü ilə açaraq, Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, ölkəmizi erməni faşizmi üzərində Qələbəyə aparan böyük işlərin təməlində xalqımızın dahi Lideri Heydər Əliyev siyasətinin dayandığını qeyd etmiş, layiqli siyasi varis, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tam suverenliyini bərpa etmiş Qalib Azərbaycanın mühüm nailiyyətlərindən ətraflı bəhs etmiş, bu uğurların arxasında dövlətimizin başçısı İlham Əliyevin müdrik, uzaqgörən siyasəti və liderlik keyfiyyətlərinin dayandığını göstərmişdir. Rektor postmüharibə dövrünün reallıqları, Prezidenti İlham Əliyevin Qarabağın dirçəlişi və Böyük Qayıdış strategiyalarının sürətlə həyata keçirilməsi barədə ətraflı danışmış, Ulu öndərimizin zəngin dövlətçilik təcrübəsinin hərtərəfli araşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu baxımdan Heydər Əliyev Mərkəzi və DİA Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfransın keçirilməsinin təqdirəlayiq olduğunu qeyd etmiş, onun işinə uğurlar arzulamışdır.
Plenar iclasda Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Nailə Həsənova və DİA Tələbə Elmi Cəmiyyətinin sədri, siyasi elmlər doktoru, professor Sevil Məmmədova qüdrətli Azərbaycanın təməlini təşkil edən dahi şəxsiyyət və müdrik lider Heydər Əliyevin zəngin dövlətçilik irsinə həsr olunmuş geniş məruzələr etmiş, Ulu Öndərin Azərbaycan dövləti qarşısında tarixi xidmətlərini ətraflı işıqlandırmışlar.
Sonra iki Bölmədə keçən geniş müzakirələrdə iştirak edən magistrant və tələbələr maraqlı mövzularda çıxışlar etmiş, geniş fikir mübadiləsi aparmış və bundan sonra qarşılarında Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini daha dərindən öyrənmək kimi vacib vəzifənin durduğunu vurğulayaraq, bu istiqamətdə fəallıq göstərəcəklərinə əminlik ifadə etmişlər.