Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçilik Məktəbində “İdarəçilikdə rəqəmsal texnologiyalar: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib. İntellektual sistemlərin idarə olunması kafedrası tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar DİA-nın tədbirlər planına əsasən təşkil olunan tədbirdə informasiya- kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir çox təşkilatların rəhbərləri, mütəxəssislər, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər. Qeyd olunub ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları, internetin inkişafı qlobal informasiya cəmiyyətinin formalaşmasında və onun təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, o cümlədən Dövlət İdarəçilik Akademiyasında kompüter elmləri sahəsində ixtisaslaşan gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində konfrans xüsusi əhəmiyyət kəsb edir. Konfransda Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “İdarəetmədə rəqəmsal transformasiyanın xüsusiyyətləri”, Azərbaycan Texniki Universiteti Kompüter texnologiyaları kafedrasının müdiri professor Vaqif Qasımov “Rəqəmsal dövlət idarəçiliyi: yeni imkanlar və risklər”, Milli Məclisin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri dosent Şahin Həsənov “İnformasiya texnologiyaları və reallıqlar”, Dövlət İdarəçilik Akademiyasının İntellektual sistemlərin idarə olunması kafedrasının müdiri dosent Elvin Əzizbəyov “Heydər Əliyev və dövlətin informasiya-kommunikasiya texnologiyaları siyasəti” mövzularında məruzə ilə çıxış ediblər. Plenar iclasdan sonra konfrans öz işini panel iclasları ilə davam etdirib. Sonra məruzəçilərə sertifikatlar təqdim olunub.
- 22 Fev
- 2023