“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının xüsusi buraxılışının təqdimatı keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Dövlət İdarəçilik Akademiyasının nəşri olan “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının xüsusi buraxılışının təqdimatı keçirilmişdir.
Açılış nitqi ilə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bu günlərdə dünyanın müxtəlif yerlərində müstəqil dövlətimizin qurucusu, Azərbaycanın XX əsrdə yetirdiyi dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edildiyini, onun xalq, vətən qarşısındakı xidmətlərinin bir daha xatırlandığını, ulu öndərin əziz xatirəsinin dərin ehtiramla yad olunduğunu diqqətə çatdırdı.
Heydər Əliyev irsini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirən natiq Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini, onun böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş, bu irsin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycanın bu gün sürətlə inkişaf etdiyini qeyd etmişdir.
Daha sonra Dövlət İdarəçilik Akademiyasının nəşri olan “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı barədə qeyd etdi ki, jurnalda əsasən dövlət idarəçiliyinin səmərəliliyi, idarəetmə sistemində innovatin mexanizmlərin tətbiqi və təqdidata cəlb edilməsi, elm və inkişafın planlaşdırılması, davamlı inkişaf, ekoloji sivilizasiya və s. bu kimi mövzular prioritet təşkil etməkdədir.
Təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının xüsusi buraxılışının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmasının əhəmiyyətli hadisə kimi qiymətləndirmişdir. Ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açaraq Azərbaycanın dövlətçilik tarixinə adı qızıl hərflərlə həkk olunan Heydər Əliyev irsini hər bir azərbaycanlı üçün daim öyrəniləsi bir məktəb olduğunu bildirmişdir. Natiq bu gün ulu öndərin layiqli davamçısı cənab prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu vurğulamış, Azərbaycanın beynəlxalq aləmdə sabit və qüdrətli bir dövlət kimi yer tutduğunu demişdir.
Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Tahir Budaqov, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel Mohammed Adaileh , Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov, Özbəkisdan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev, Belarus Republikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyəıtli səfiri Nikolay Patskeviç və digər natiqlər bütün dünyada tanınan görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, həyatını xalqına, vətəninə həsr edən ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyaya tanınmasında misilsiz tarixi xidmətlərindən danışmış, böyük xilaskarlıq rolunu vurğulamışdır. Ulu öndərin 90 illiyi ərəfəsində jurnalda ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş məqalələrin elmi əsaslanmalarının əhəmiyyətini, elmi-akademik dairələr, tədqiqatçılar, dövlət idarəçiliyi sahəsində ixtisaslaşan gənc kadrlar üçün dəyərli mənbə olduğunu bildirmişdilər.