Dövlət İdarəçilik Akademiyasında növbəti elmi-metodiki seminar keçirilmişdir
10 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyində innovasiyaların idarə olunması” mövzusunda elmi-metodiki seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq qloballaşmanın həyatımıza gətirdiyi innovasiyaların dövlət strukturuna, vətəndaş cəmiyyəti institutlarına, iqtisadi və sosial sahələrə, elm, təhsil və mədəniyyətə, bütövlükdə insanların həyat tərzinə təsir edən əsas amillərdən birinə çevrildiyini vurğulamışdır. Rektor bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bu innovasiyaların verdiyi üstünlüklərdən geniş faydalandığından söhbət açaraq demışdir ki, artıq bəşəriyyətin və bütövlükdə dünyanın xilası innovativ idarəçilikdən yaşıl iqtisadiyyata gedən yol olduğu heç kimdə şübhə doğurmur. Məhz bunun nəticəsidir ki, uğurlu innovativ inkişafın Azərbaycan modeli beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Daha sonra rektor Akademiyaya dəvət olunmuş dövlət idarəçiliyində innovasiyaların idarə olunması sahəsində beynəlxalq səviyyəli alim, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun sabiq rektoru, Beynəlxalq Dövlət İdarəçiliyi Məktəb və İnstitutları Assosasiyasının (International Association of Schools and Institutes of Administration) (IASIA) idarə heyətinin üzvü professor Eyyub İsbiri salamlamış və qeyd etmişdir ki, DİA-da keçirilən elmi-metodiki seminarlara dünya şöhrətli alimlərin dəvət olunması beynəlxalq təcrübənin öyrənilməsinə və Akademiyanın elmi potensialının səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.
Seminar iştirakçılarını salamlayan professor Eyyub İsbir “Dövlət idarəçiliyində innovasiyaların idarə olunması” mövzusunda mühazirəsində geyd etmişdir ki, sərhəd tanımayan qloballaşma bizim iradəmiz xaricində ortaya çıxan bir fenomendir. O, qloballaşmanın iqtisadiyyata, siyasətə və mədəni həyata təsirlərindən söhbət açaraq dövlətlərin buna hazır olmalarını vurğuladı. Natiq qeyd etdi ki, qloballaşma dövlət idarəçilik sahəsinə yeni terminlər gətirmişdir: “Yeni dövlət idarəçiliyi”, “Yaxşı idarəçilik”, “Mübadilə idarəçiliyi”, “Öyrənən və matriks təşkilatlar” və s. bu kimi terminlər dövlət idarəçiliyinə həm də özəl sektorun bütün sahələrinə informasiya texnologiyaları vasitəsi ilə daxil olur və öz təsirini göstərir. Professor Eyyub İsbir həmçinin gələcək transformasiyalarda “Elektron Dövlət” və “Sosial media”-nın vacib rolu olduğunu diqqətə çatdırmışdır. Daha sonra mövzu ətrafında müzakirələr başlamışdır. Akademiyanın “Dövlət idarəetməsi və menecment” kafedrasının müdiri, dosent N.Qarayev, həmin kafedranın dosenti S.Qurbanova, “Fəlsəfə və sosial psixologiya” kafedrasının dosenti B.Haqverdiyev, DİA-nın tələbə və müdavimləri qonağa dərin məzmunlu mühazirəyə görə təşəkkür etmiş və mövzu ətrafında onları maraqlandıran suallar vermişlər. Çıxışının sonunda Azərbaycanı ikinci evi olduğunu və özünü doğmaları arasında hiss etdiyini deyən qonaq DİA-nın rektoru akademik U.Ələkbərova dəvət üçün minnətdarlığını bildirmiş, bu cür seminarların dinləyicilərlə birlikdə mühazirəçilər üçün də faydalı olduğunu vurğulamışdır.