20 yanvar faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsi ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq elmi-praktik konfrans keçirilmişdir
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 yanvar faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsi ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq elmi-praktik konfranskeçirilmişdir.Tədbir başlanmazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Elmi-praktik konfransı Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açaraq sovet imperiyasının Azərbaycana qarşı təcavüz siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnmiş və tarixə 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində bütün bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş müdhiş bir əməl olduğunu, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş, eyni zamanda tariximizə qürur, qəhrəmanlıq günü kimi yazıldığını bildirmişdir. Rektor çıxışında xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunların milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edildiyini, yüzlərlə silahsız insan, yaşlılar, qadınlar, gənclər və uşaqların misli görünməmiş, xüsusi qəddarlıqla qətlə yetirildiyini qeyd etmişdir.
O, qeyd etmişdir ki, həmin faciəyə siyasi-hüquqi qiyməti ilk olaraq Ümummilli lider Heydər Əliyev vermişdir. O, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış edərək, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırmış, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etmişdir. Ulu Öndər siyasi hakimiyyətə qayıdışından sonra da Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarixi Ümumxalq hüzn günü kimi elan etmiş, ilk dəfə olaraq bu hadisəyə rəsmi siyasi və hüquqi qiymət verilmişdir. Rektor bildirilmişdir ki, ölkə Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir.
Elmi-praktik konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov, dosentlər Elçin Əhmədov, dosent Firdovsiə Əhmədova və digər natiqlər zaman keçdikcə tariximizin həm qəhrəmanlıq səhifələrinin, həm də faciəli səhifələrinin yad etməyin, gələcək nəsillərə xatırlatmağın əhəmiyyətli olduğunu, bunların içərisində 20 Yanvar faciəsi, eyni zamanda o günlər göstərilən qəhrəmanlıq, şücaət və xalqın birliyinin hamıya örnək olmasını–bu gün yaşayanlara da, gələcək nəsillərə də çatdırılmasının vacibliyini, bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin, xalqımızın tərəfindən hər zaman yaşayadılacağını bildirmişlər.