Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yanvar ayının 29-da Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans başlanmazdan əvvəl Məhəmməd Əmin Rəsulzadənin haqqında sənədli film nümayiş etdirilmişdir.
Elmi-praktik konfransı Akademiyası rektoru, akademik Urxan Ələkbərov açaraq, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını xatırlatmış, onun xalqımızın tarixi şəxsiyyətlərinin xatirəsinin uca tutulmasına xüsusi diqqət göstərdiyini bildirmişdir. Rektor Azərbaycanın görkəmli dövlət və ictimai xadimlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşmüşdür.
Rektor qeyd etmişdir ki, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov kimi şəxsiyyətlər Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazıblar. U. Ələkbərov cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlərin həyata keçirildiyini qeyd edərək Müsəlman Şərqində ilk demokratik parlament formalaşmış, insanların demokratik hüquq və azadlıqları bərqərar olmuş, həmin tarixi dövrdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququ verilməsi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi qəbul edilməsi ilə bağlı tarix faktları xatırlatmışdır.
Elmi-praktik konfransda Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı çıxış edən Dövlət İdarəçilik Akademiyasının professoru Etibar Nəcəfov “Azərbaycanin ictimai-siyasi fikrində Məhəmməd Əmin Rəsulzadənin yeri”, professor Musa Quliyev “Azərbaycan istiqlal hərəkatı və Məhəmməd Əmin Rəsulzadə”, dosent Rahib Əkbərov “Milli-hüquqi dövlət quruculuğunda Məhəmməd Əmin Rəsulzadənin rolu”, dosent Rəna Bayramova “Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü fəaliyyəti” barədə məruzələrlə çıxış etmişlər. Digər çıxışçılar da öz nitqlərində zaman keçdikcə tariximizin səhifələrinin yad etməyin, gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirmişlər.